Abramoviçi Kiyevə kimin göndərdiyi və bu gizli səfərin pərdəarxası təfərrüatları həm Rusiya, həm də Ukrayna rəhbərliyinin son ziddiyyətli bəyanatları ilə yenidən qlobal medianın əsas mövzusuna çevrilib. Rusiya, Ukrayna və beynəlxalq mətbuat günlərdir rusiyalı milyarder, "Çelsi" futbol klubunun keçmiş sahibi Roman Abramoviçin Ukrayna paytaxtına etdiyi gizli və qəfil səfərin pərdəarxası məqamlarını araşdırır. Ukraynanın nüfuzlu "QORDON" nəşrinin topladığı məlumatlara əsasən, bu missiya tərəflərin bir-birinə ötürdüyü gizli mesajlarla müşayiət olunub.
NOCOMMENT.az xəbər verir ki, Rusiya lideri Vladimir Putin çıxışlarının birində milyarderi etibar etdiyi və dürüst bir insan kimi xarakterizə edərək, Abramoviçin Ukrayna paytaxtına şəxsən Volodimir Zelenskinin dəvəti ilə yollandığını iddia edib. Putinin sözlərinə görə, Ukrayna rəhbəri onun vasitəsilə Kremlə gizli məktub göndərsə də, həmin mətndə müəyyən qədər kobudluq elementləri olduğu üçün rəsmi Moskva bu təkliflərlə razılaşmayıb və cavab verməyi mənasız hesab edib. Tam fərqli bir ssenari açıqlayan Ukrayna Prezidenti Volodimir Zelenski isə mətbuata müsahibəsində təsdiqləyib ki, Roman Abramoviç Kiyevə heç bir dəvət olmadan, tamamilə məxfi şəkildə və məhz Vladimir Putinin şəxsi ismarışını gətirən bir qasid kimi gəlib. Görüş zamanı bu təmasların mətbuata sızmamasını və tam səssizlik mühitində keçməsini xahiş edən milyarder Zelenskiyə Putinin məktubunu təqdim edib, lakin Ukrayna lideri bu məktubu qəbul etdikdən sonra Abramoviç vasitəsilə Kremlə olduqca sərt və kəskin cavab yollayaraq müəyyən ərazilərdən qoşunların çıxarılması ilə bağlı hər hansı bir güzəşt tələbini tamamilə rədd edib.
Beynəlxalq mətbuat, xüsusilə "Financial Times" öz diplomatik mənbələrinə istinadən yazır ki, Abramoviç hələ genişmiqyaslı müharibənin ilk günlərindən hər iki tərəflə birbaxa əlaqəsi olan yeganə etibarlı vasitəçi fiqurdur və onun vasitəsilə tərəflər ən kritik anlarda, xüsusilə humanitar məsələlərdə razılığa gələ bilirdilər. Ukraynalı deputatların və siyasi şərhçilərin fikrincə isə, bu gizli rabitə kanalının iflası məhz rəsmi Moskva tərəfindən ictimaiyyətə məlumat sızdırılması ilə bağlıdır, çünki yalnız tam səssizlik şəraitində işləyə biləcək "Zelenski — rusiyalı oliqarx — Putin" əlaqə xətti bu ifşa ilə tamamilə sıradan çıxıb. Hazırda tərəflər arasında aparılan gizli sövdələşmələrin və sülh şərtlərinin tam hüquqi detalları açıqlanmasa da, ekspertlər bu səfəri müharibənin gedişatında tərəflərin bir-birinin son şərtlərini yoxlamaq üçün atdığı növbəti kəşfiyyat-diplomatiya gedişi kimi qiymətləndirirlər.
Sara,
NOCOMMENT.az











