Avrasiya coğrafiyasında baş verən sürətli geosiyasi transformasiyalar və qlobal iqtisadi arteriyaların yenidən çeşidlənməsi fonunda Azərbaycanın Mərkəzi Asiya vektoru keyfiyyətcə fərqli müstəviyə daşınıb. Bu tarixi prosesin mərkəzində isə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və uzaqgörən strateji kursu dayanıb. Onun Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri və bu çərçivədə qəbul edilən qərarlar iki ölkə arasındakı münasibətləri ənənəvi tərəfdaşlıq çərçivəsindən çıxararaq tamhüquqlu müttəfiqlik səviyyəsinə yüksəldən həlledici dönüş nöqtəsi olub. Azərbaycan liderinin şəxsi nüfuzu və apardığı uğurlu diplomatiya bütövlükdə Türk Dövlətləri Təşkilatının (TDT) qlobal güc mərkəzi kimi formalaşmasına xidmət edən əsas hərəkətverici qüvvəyə çevrilib.

İkitərəfli münasibətlərin dərinliyini şərtləndirən başlıca amil xalqlarımızın əsrlərə söykənən mənəvi-mədəni kökləri ilə yanaşı, dövlət başçılarının qardaşlıq bağlarına əsaslanan etimad mühitidir. Prezident İlham Əliyevin iştirakı ilə reallaşan Dövlətlərarası Şuranın iclasları və ali səviyyədə aparılan intensiv dialoqlar bu ittifaqın sadəcə bəyannamələrdə qalmadığını, gündəlik qərarlarla tənzimlənən mexanizmə çevrildiyini nümayiş etdirir. Etnik, dil və tarixi yaxınlıq Azərbaycan liderinin müəyyənləşdirdiyi strateji hədəflərlə birləşərək ortaya sarsılmaz bir birlik modeli çıxarıb.
İqtisadi müstəvidə isə bu siyasi yaxınlaşma qlobal logistik dəhlizlərin şaxələndirilməsi ilə birbaşa uzlaşır. Xüsusilə Orta Dəhlizin potensialından maksimum səviyyədə yararlanmaq üçün dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən tədbirlər hər iki ölkənin tranzit əhəmiyyətini katapult effekti ilə artırır. Şərqdən Qərbə hərəkət edən nəhəng ticarət axınlarının Türk respublikalarının ərazisindən keçməsi Avrasiyanın nəqliyyat xəritəsini kökündən yenidən yazır. Prezident İlham Əliyevin iştirakı ilə maliyyə resurslarının artırılması, o cümlədən birgə İnkişaf Fondunun kapitalının gücləndirilməsi iqtisadiyyatın müxtəlif sektorlarında yeni istehsal və xidmət zəncirlərinin yaranmasına zəmin yaradır. Enerji təhlükəsizliyi, kənd təsərrüfatı və sənaye kooperasiyası bu tərəfdaşlığın gələcək illərdəki əsas iqtisadi dayaqlarını təşkil edəcək.
Bununla belə, Azərbaycan liderinin xarici siyasət strategiyasının təntənəsini yalnız rəqəmlər və ticarət balansları ilə ölçmək ədalətsizlik olardı. İki ölkə arasındakı münasibətlərin ən ali təzahürü humanitar müstəvidə və xalqların mənəvi həmrəyliyində özünü büruzə verir. Prezident İlham Əliyevin xüsusi diqqəti və rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan irimiqyaslı bərpa və dirçəliş işlərində qardaş Qırğızıstanın fəal təmsil olunması əsl qardaşlıq nümunəsidir. Ağdamda qırğız mədəniyyətinin və mənəvi irsinin simvolu olan təhsil ocağının – "Ayköl Manas" məktəbinin ucaldılması dövlət başçılarının qarşılıqlı etimadının və xalqlar arasındakı qardaşlığın daş yaddaşa yazılmış manifestidir.

Paralel olaraq, ictimai diplomatiyanın imkanlarından səmərəli istifadə edilməsi, cəmiyyətlər və QHT-lər səviyyəsində qurulan birbaşa təmaslar xalqlarımızın bir-birini daha yaxından tanımasına şərait yaradır. Bakıda təşkil olunan qarşılıqlı əməkdaşlıq forumları Prezident İlham Əliyevin Türk dünyasının inteqrasiyasına verdiyi növbəti mühüm töhfədir. Nəticə etibarilə, Azərbaycan liderinin həyata keçirdiyi uzaqgörən siyasət sayəsində Bakı ilə Bişkek arasında qurulan bu strateji tərəfdaşlıq modeli regionda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın əsas təminatçılarından birinə çevrilməkdədir.
Əli Səfərli,











