Ukraynanın Xmelnitsk vilayətində yerləşən hərbi poliqonların birində qeydə alınan ağır insident ölkədə ciddi rezonans doğurub. Sursatların detonasiyası nəticəsində baş verən partlayış zamanı hərbçilər ağır xəsarətlər alıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.
İlkin rəsmi məlumatlara görə, poliqon ərazisində baş verən partlayış nəticəsində ən azı 4 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Lakin vəziyyəti daha da gərginləşdirən məqam odur ki, hadisə baş verən anda həmin sektorda olan bir neçə hərbçi ilə əlaqə tamamilə kəsilib. Onların taleyi hələlik qeyri-müəyyən olaraq qalır, xilasedicilər və aidiyyəti qurumlar ərazidə axtarış tədbirlərini davam etdirirlər.
Faktla bağlı dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hüquq-mühafizə və hərbi-təhqiqat orqanları hadisənin səbəblərini, təhlükəsizlik qaydalarının pozulub-pozulmadığını və ya hər hansı digər amillərin olub-olmadığını araşdırmağa başlayıblar. İstintaq çərçivəsində artıq müvafiq hərbi hissənin komandanlığı və poliqonda xidmət keçən hərbçilər dindirilir. Hadisənin detalları araşdırılır.
Sara,











