İranın hazırladığı yeni nəsil raketlərin yüksək manevr qabiliyyəti və artan dəqiq hədəfləmə imkanları ilə ABŞ-ın bölgədəki hava hücumundan müdafiə sistemlərini çətin vəziyyətə saldığı iddia olunur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal"ı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton İranın raket texnologiyalarında müşahidə olunan sürətli inkişafın arxasında Çin və ya Rusiyanın texniki dəstəyinin ola biləcəyini ehtimal edir. Bununla belə, bu iddianı təsdiqləyən ictimaiyyətə açıq hər hansı konkret sübutun olmadığı qeyd edilir.

ABŞ rəsmilərinin fikrincə, İranın yeni nəsil raketləri yüksək manevr imkanlarına malikdir və mövcud hava hücumundan müdafiə sistemləri üçün daha çətin hədəfə çevrilib.
Bu arada, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 17-də İordaniyada keçirilən əməliyyat zamanı iki amerikalı hərbçinin həlak olduğunu, bir hərbçinin itkin düşdüyünü, daha dörd nəfərin isə yaralandığını açıqlayıb. Əməliyyatın detalları açıqlanmasa da, İranla əlaqəli qüvvələrin xüsusilə İordaniya sərhədi yaxınlığındakı hərbi obyektlərə raket hücumlarını artırdığı bildirilir.
İran tərəfi isə ABŞ və müttəfiqlərinə məxsus bazalara qarşı həyata keçirilən "Nasr 2" əməliyyatının davam etdiyini açıqlayıb. İddialara görə, İnqilab Keşikçiləri Korpusu və pilotsuz uçuş aparatları bölmələrinin koordinasiyalı hücumları nəticəsində İordaniyadakı Muvaffaq əl-Salti Hərbi Hava Bazası intensiv atəşə tutulub.

İran İnqilab Keşikçiləri Korpusunun baş komandanının media müşaviri Həmid Rza Müqəddəmfər son əməliyyatlarda raket və PUA sistemlərinin əvvəlki dövrlərlə müqayisədə daha yüksək dəqiqliklə hədəfləri vurduğunu iddia edib. Onun sözlərinə görə, tətbiq olunan yeni taktika qarşı tərəfi hazırlıqsız yaxalayıb.
Müqəddəmfər, həmçinin Hörmüz boğazı və Babülməndəb boğazının strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, İrana qarşı iqtisadi və ya dəniz yolu ilə təzyiq artırılacağı təqdirdə bunun qlobal enerji bazarına ciddi təsirləri ola bilər. Onun sözlərinə görə, belə bir vəziyyətdə təkcə ABŞ deyil, Avropa ölkələri də ağır nəticələrlə üzləşə bilər.
Qeyd edək ki, məqalədə yer alan İranın raket imkanları, ABŞ bazalarına dəyən zərər və Çin və Rusiyanın mümkün texniki dəstəyi ilə bağlı iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
SARA
NOCOMMENT.az












