Ermənistanda 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri ölkəni ciddi siyasi və hüquqi girdaba sürükləyib.
NOCOMMENT.az xəbər verir ki, seçkilərdə iştirak edən 18 siyasi qüvvədən 7-si rəsmi nəticələri tanımayaraq, onların ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə (KM) müraciət edib. İyunun 19-da təqdim olunan iddialar seçkiöncəsi kampaniya və səsvermə günü hakimiyyət tərəfindən yol verilmiş total, sistemli pozuntulara bir cavab kimi qiymətləndirilir. Bu proses gələcək parlamentin və hökumətin legitimliyini ciddi şəkildə sual altına qoyur.
Konstitusiya Məhkəməsinə müraciət edənlər sırasında əsas müxalif qüvvələr — “Ermənistan” və “Güclü Ermənistan” blokları, həmçinin “Çiçəklənən Ermənistan”, “Yeni güc”, “Birlik qanadları”, “Demokratiya, qanun, intizam” və “Respublika naminə demokratiyanın müdafiəçiləri alyansı” partiyaları yer alır. İddiaçıların əsas tələbi Mərkəzi Seçki Komissiyasının qərarının etibarsız sayılması və yeni seçkilərin təyin olunmasıdır. Bəzi qüvvələr alternativ olaraq ikinci turun keçirilməsini və ya mandatların real iradəyə uyğun yenidən bölüşdürülməsini təklif edirlər.
Müxalifət seçki prosesinə görünməmiş təzyiqlər edildiyini iddia edərək, KM-yə geniş sübutlar paketi təqdim edib. Seçicilərə təzyiq, inzibati resurslardan sui-istifadə və səsvermə prosedurlarının pozulması əsas iddialar sırasındadır.
Müxalifət qüvvələri eyni zamanda məhkəmənin qərəzsizliyinə dair ciddi narahatlıqlarını gizlətmirlər. "Ermənistan" və "Güclü Ermənistan" blokları hakim partiya ilə əlaqəli olan hakimlərin prosesdən kənarlaşdırılmasını tələb etməyə hazırlaşır. Hüquqşünas Ovannes Xudoyan hakim Vladimir Vardanyanın bu işi obyektiv araşdıra bilməyəcəyini vurğulayıb. "Yeni güc" partiyasından Akop Karapetyan isə KM-nin Paşinyan dövründə təyin olunmuş hakimlərinin siyasi tərəfdaşlığına diqqət çəksə də, ədalətli qərar gözlədiklərini bildirib.
Qanunvericiliyə görə, Konstitusiya Məhkəməsi daxil olmuş müraciətlər qeydiyyata alındıqdan sonra 15 gün ərzində şifahi prosedur qaydasında qərar qəbul etməlidir.
Əli Səfərli,











