Braziliyada milyonlarla sakin şənbə günü gecə saatlarında telefonlarına gələn fövqəladə xəbərdarlıqlarla şoka düşüb. Vətəndaşlara "yadplanetlilərin hücumu" və "mizantropiya" mövzusunda saxta bildirişlər göndərilib.
NOCOMMENT.az xəbər verir ki, mülki müdafiə və vətəndaş müdafiəsi katibi Volney Volfun açıqlamasına görə, hadisə dövlətin rəsmi xəbərdarlıq sisteminə edilən kiberhücum nəticəsində baş verib. Bir çox telefonlarda bildirişlər yüksək səs siqnalı ilə müşayiət olunub. Mesajlardan birində deyilir: "Ehtiyatlı olun: YADPLANETLİ HÜCUMU. İnsanlar, biz gəldik".
"G1" portalı qeyd edir ki, bəzi mesajlarda qrammatik səhvlər də olub. Mülki müdafiə xidməti rəsmi "Facebook" səhifəsində "Defesa Civil Alerta" platformasının gecə saat 01:30-da (Bakı vaxtı ilə 08:30) hakerlər tərəfindən ələ keçirildiyini və sistemin dərhal söndürüldüyünü təsdiqləyib.
Bildirilir ki, siqnal Milli Mülki Müdafiə Sistemi ilə heç bir əlaqəsi olmayan şəxs tərəfindən uzaqdan göndərilib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.
Xatırladaq ki, mesajlarda yer alan "mizantropiya" termini insanlara qarşı nifrət və etibarsızlıq deməkdir.
Əli Səfərli,
NOCOMMENT.az










