Rusiyanın pilotsuz uçuş aparatları sənayesində növbəti korrupsiya qalmaqalı yaşanır. Sənaye və Ticarət Nazirliyinə bağlı iri dron istehsalçılarından biri olan “Drone Solutions” şirkətinin keçmiş və hazırkı rəhbərləri Moskvada saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, şirkətin keçmiş baş direktoru İrakli Xazaliya və hazırkı baş direktoru, eyni zamanda şirkətin təsisçisi Vyaçeslav Barbasov həbs edilərək istintaq təcridxanasına göndəriliblər.
Onlar dələduzluq yolu ilə vəsaitlərin mənimsənilməsində ittiham olunurlar.
Xazaliya və Barbasov “Drone Solutions”ın minoritar səhmdarlarıdır. Şirkətin əsas sahibi isə Rusiya Sənaye və Ticarət Nazirliyinə bağlı Milli Texnoloji Təşəbbüs Layihələrinə Dəstək Fondudur.
“Drone Solutions” adi dronların fəaliyyət göstərə bilmədiyi mürəkkəb şərait üçün pilotsuz aviasiya sistemləri, onların proqram təminatı və neyron şəbəkələr əsasında kompüter görmə sistemlərinin hazırlanması ilə məşğuldur.
Şirkət xüsusilə neft-qaz infrastrukturunun monitorinqi, meşə yanğınlarının aşkarlanması və tibbi yüklərin daşınması üçün PUA-lar hazırladığını bildirirdi. Onun “Şerşen” və “Aist” adlı pilotsuz aparatlarının isə Şimal Dəniz Yolu ilə hərəkət edən gəmilərə yardım göstərməsi nəzərdə tutulurdu.
Son illərdə şirkət Rusiyanın bir sıra iri dövlət və özəl strukturlarından əhəmiyyətli maliyyə dəstəyi alıb. “Drone Solutions”a “Skolkovo”, Sənaye və Ticarət Nazirliyi, “Rosatom”, eləcə də milyarder Vladimir Potaninin “İnterros” şirkətinin yaratdığı “Vosxod” fondu tərəfindən böyük həcmdə vəsait ayrıldığı bildirilir.
Mənbələrin məlumatına görə, şirkətin rəhbərləri cümə günü məhz dələduzluq yolu ilə mənimsəmə işi çərçivəsində saxlanılıblar. Lakin söhbətin konkret olaraq hansı məbləğdən getdiyi hələ açıqlanmayıb.
Bu, Rusiya Sənaye və Ticarət Nazirliyinin dron proqramları ətrafında ilk belə qalmaqal deyil. Daha əvvəl nazirliyin Pilotsuz Sistemlər və Robototexnika İdarəsinin rəis müavini Alla Polovçenya, həmçinin iri pilotsuz aviasiya sistemləri istehsalçısı “Efko” qrupunun rəhbərləri və sahiblərinin həbs olunduğu bildirilmişdi. (Musavat.com)











