Fövqəladə vəziyyət  elan edildi   - Bu ölkədə

Fövqəladə vəziyyət elan edildi - Bu ölkədə

Venesuelada baş verən güclü zəlzələ paytaxtda və bir sıra ştatlarda ciddi dağıntılara, eləcə də insan itkisinə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bu məlumatı ölkənin daxili işlər naziri Diosdado Kabelyo "Venezolana de Televisión" telekanalına açıqlamasında təsdiqləyib.

"Təəssüflə qeyd edirəm ki, 7 baldan güclü yeraltı təkanlar Araqua, Karabobo, Miranda, Truxilyo, Yarakuy və La-Quayra ştatlarında, həmçinin zəlzələnin daha şiddətli hiss edildiyi Karakasda qeydə alınıb", - deyə DİN rəhbəri vurğulayıb.

Karakasın seysmik cəhətdən təhlükəli Altamira və Palos Qrandes ərazilərində bəzi binaların, o cümlədən yaşayış evlərinin çökməsi insan ölümünə səbəb olub. Nazir əlavə edib ki, paytaxtın digər bölgələrində də vətəndaşların həyatını itirməsi ilə nəticələnən dağıntılar baş verib.

Nazirin sözlərinə görə, xilasetmə xidmətləri, yanğınsöndürənlər, polis qüvvələri və mülki müdafiə könüllüləri uçmuş binaların dağıntılarını təmizləyir və zərərçəkənlərə lazımi yardım göstərirlər. O, əhalini zədələnmiş binaları boşaltmağa, yaralılara kömək etməyə və xilasedici nəqliyyat vasitələrinin hərəkətinə mane olmamağa çağırıb.

Baş vermiş fəlakətlə əlaqədar Venesuela hökuməti ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına əsasən, Venesuelada bir dəqiqə fərqlə 7.2 və 7.5 maqnitudalı iki güclü yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentri ölkənin Yarakuy ştatında, bir-birindən cəmi 10 kilometr aralıda yerləşib