İstanbulun M4 Kadıköy-Sabiha Gökçen Havalimanı metro xəttində ciddi bir insident yaşanıb. Bostancı stansiyası yaxınlığında hərəkətdə olan qatar hələlik dəqiq səbəbi müəyyənləşdirilməyən texniki nasazlıq nəticəsində relsdən çıxıb.
NOCOMMENT.az xəbər verir ki, qəza baş verdikdən dərhal sonra vaqonlarda olan sərnişinlər arasında qısa müddətli təşviş yaşanıb və onlar öz imkanları ilə vaqonlardan çıxaraq təhlükəsiz yerə çatmaq üçün tuneldə piyada hərəkət etmək məcburiyyətində qalıblar. Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları, təcili tibbi yardım qrupları və "Metro İstanbul"un qəza-bərpa xidmətinin əməkdaşları cəlb olunub. İlkin məlumatlara görə, sərnişinlər arasında xəsarət alanların olmadığı bildirilir, lakin təxliyə prosesi zamanı ciddi çətinliklər yaşanıb.
"Metro İstanbul" rəhbərliyi qəzanın nəticələrini aradan qaldırmaq üçün operativ tədbirlər görür və bu istiqamətdə metro xəttinin müəyyən hissəsində hərəkət müvəqqəti olaraq dayandırılıb. Hazırda qatarın relsdən çıxma səbəbləri ilə bağlı genişmiqyaslı texniki araşdırma aparılır, nəqliyyat sistemindəki nasazlığın tam aradan qaldırılması üçün qəza-bərpa briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Əli Səfərli,











