Rusiyada "əsrin oğurluğu": İki bank işçisi 160 kiloqram qızılı belə yoxa çıxardı

Rusiyada "əsrin oğurluğu": İki bank işçisi 160 kiloqram qızılı belə yoxa çıxardı

Sankt-Peterburqda baş verən misli görünməmiş cinayət hadisəsi Rusiyanın hüquq-mühafizə orqanlarını və ictimaiyyəti şoka salıb. İri kredit təşkilatlarından birinin iki əməkdaşı – ofis rəhbəri Anna Andreyçenko və menecer Marina Polejayeva bankın kassasından 2 milyard rubl (təxminən 26,7 milyon dollar) dəyərində, ümumi çəkisi 160 kiloqram olan 10 mindən çox qızıl investisiya sikkəsini oğurlayıblar.

NOCOMMENT.az xəbər verir ki, iyunun 20-də planlı yoxlama zamanı aşkar edilən bu nəhəng oğurluq Rusiya mətbuatında "tarixin ən böyük bank talanı" kimi qiymətləndirilir. İstintaqın məlumatına görə, cinayətkarlar "Pobedonosets" ("Qalib gələn Georgi") seriyasından olan 8 893 ədəd saf qızıl sikkəni mənimsəyiblər. Maraqlıdır ki, bu sikkələrin nominal dəyəri cəmi bir milyon rubl təşkil etsə də, onların bazar qiyməti qızılın yüksək dəyəri səbəbindən 2 milyard rubla çatıb.

Cinayət hadisəsinin ən müəmmalı tərəfi isə iki qadının 160 kiloqramlıq qızıl yükünü bankdan necə çıxara bilməsidir. Ehtimal olunur ki, onlar bu işdə kənardan kömək alıblar. Qadınlar oğurladıqları qızılları müxtəlif banklara sataraq 1,6 milyard rubl qazanc əldə ediblər. Lakin satış prosesində qiymət fərqi üzündən 400 milyon rubl zərərə düşüblər.

Oğurluqdan sonra həyatları kökündən dəyişən qadınların davranışı istintaqın diqqətindən yayınmayıb. Əvvəllər maddi çətinliklər içində yaşayan və külli miqdarda borcu olan Anna Andreyçenko cinayətdən dərhal sonra üç "BMW" avtomobili alıb, Leninqrad vilayətində dəbdəbəli ev sahibi olub və dünya səyahətinə çıxıb. Digər işçi Marina Polejayeva isə daha təmkinli davranaraq "Toyota RAV4" alıb, Avropaya səyahətlər edib və həbsindən bir qədər əvvəl sosial şəbəkə statusunda "Kayf edirəm" (tərcüməsi: "Həyatımdan zövq alıram") yazıb.

Hazırda hər iki qadın saxlanılıb və onlara qarşı 10 ilədək həbs cəzası tələb olunur. Lakin ən maraqlı məqam odur ki, 1,6 milyard rubldan çox pul hələ də tapılmayıb. İstintaq kamera görüntüləri və bank sənədləri əsasında cinayətin bütün detallarını araşdırmağa davam edir.