Tarixdə ilk: Rusiyanın gizli silahı ilə bağlı təhlükəli detallar

Tarixdə ilk: Rusiyanın gizli silahı ilə bağlı təhlükəli detallar

Rusiyanın “Burevestnik” nüvə mühərrikli raketi ilə bağlı dərc olunan yeni araşdırma onun iş prinsipi barədə diqqətçəkən nəticələr ortaya qoyub.

NOCOMMEMT.az xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun (MIT) iki tədqiqatçısı raketin əsl işləmə mexanizmini araşdıraraq yeni analiz təqdim edib. Alimlərin qənaətinə görə, əgər hesablamalar doğrudursa, 2025-ci ilin oktyabrında həyata keçirilən sınaq tarixdə ilk nüvə mühərrikli uçuş kimi qiymətləndirilə bilər.

Araşdırmanın müəllifləri, MIT professoru Ceyk Hekla və nüvə təhlükəsizliyi üzrə mütəxəssis R. Skott Kemp hazırladıqları modelləşdirmədə raketin reaktorunun uçuş zamanı radiasiya yaydığını göstəriblər. Onların fikrincə, belə bir texnologiya nəzəri baxımdan mümkün olsa da, həm çox bahalı, həm də son dərəcə təhlükəlidir.

Tədqiqatçılar bildirirlər ki, raketin istifadə etdiyi reaktor sistemi sınaqlar zamanı ətraf mühit və insanlar üçün ciddi risk yarada bilər. Hesabata əsasən, uçuş zamanı yayılan radiasiya raketin sınaqdan keçirildiyi ərazilərin yaxınlığında yaşayan və çalışan insanlar üçün təhlükə mənbəyidir.

Alimlər hesab edirlər ki, bu cür silahların inkişafı XXI əsrdə davam edən silahlanma yarışında yeni və təhlükəli mərhələnin başlanğıcı ola bilər.