Vaşinqtonda İsrail-Livan danışıqlarının yeni raundu başlayır

Vaşinqtonda İsrail-Livan danışıqlarının yeni raundu başlayır

ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail və Livan arasında növbəti danışıqlar mərhələsinə start verilib.

NOCOMMENT.az xəbər verir ki, Amerika tərəfinin məlumatına görə, müzakirələrin əsas məqsədi həm siyasi, həm də hərbi müstəvidə "hərtərəfli sülh və təhlükəsizlik sazişi"nə nail olmaqdır. ABŞ rəsmiləri İsveçrədə keçirilən görüşlərdə razılaşdırılan geniş tənzimləmə formatı çərçivəsində atəşkəsə nəzarət mexanizminin yaradıldığını bildirib. Lakin İsrailin bu mexanizmdə hansı formatda iştirak edəcəyi hələlik qaranlıq olaraq qalır.

ABŞ-ın rəsmi nümayəndələri təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü, son sutkanın son dövrlərin ən sakit vaxtı olduğunu vurğulayıblar. Tərəflər gərginliyin artmaması üçün zəruri addımlar atırlar.

İsrail mənbələrinin məlumatına görə, danışıqlar prosesi çərçivəsində Livanın cənubunda bəzi bölgələrdən qoşunların simvolik çıxarılması imkanları nəzərdən keçirilir. Bununla belə, məsələ ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.

Əli Səfərli,
NOCOMMENT.az