Bakının Yasamal rayonunda yaşayan sakinlərin evi “Kristal” MTK tərəfindən sökülüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə evi sökülən sakinlərdən biri video paylaşıb.
Sakin iddia edib ki, “Kristal” şirkəti heç bir xəbərdarlıq etmədən, onlarla razılaşmadan evlərini söküb.
O, əşyalarını da çıxara bilmədiklərini, hər şeyin söküntünün altında qaldığını bildirib..
Videonu təqdim edirik:
***
“Kristal” MTK-dan NOCOMMENT.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Yasamal rayonu, Xarici Dairəvi yolun kənarında yerləşən tikili ilə bağlı məsələ məhkəmə qaydasında araşdırılıb:
“Bakı Apellyasiya Məhkəməsinin 30.09.2025-ci il tarixli, 2(103)-443/2025 saylı qərarı ilə 53 kv.m sahəsi olan özbaşına tikilinin 34.500 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi qərara alınıb.
Qərar qanuni qüvvəyə mindikdən sonra icra sənədi 26 yanvar 2026-cı il tarixində verilib və Yasamal Rayon İcra Şöbəsi tərəfindən icraata yönəldilib. Borcluya məhkəmə qərarının könüllü icrası üçün vaxt verilib, rəsmi qaydada bildiriş təqdim edilib.
Lakin müəyyən edilmiş müddət ərzində tikili könüllü şəkildə boşaldılmadığı üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məcburi icra tədbirləri həyata keçirilib. İcra prosesi dövlət icra məmurunun rəhbərliyi ilə, polis əməkdaşlarının, təcili tibbi yardım briqadasının və digər aidiyyəti qurumların iştirakı təmin edilməklə həyata keçirilib. Bu, prosesin tam şəffaf və təhlükəsizlik qaydalarına uyğun icra olunması məqsədi daşıyırdı.
Söküntü tam qanuni əsaslarla həyata keçirilib. Bildiriş verilmədiyi və icazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir”.
Aliyə
NOCOMMENT.az










