Kürdəmirdə canavarlar növbəti dəfə qoyunçuluq təsərrüfatına hücum ediblər.
NOCOMMENT.AZ xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində yerləşən fermer Mübariz Hacıyevə məxsus fermada baş verib.
Belə ki, yırtıcılar sürü şəklində qoyun sürüsünə hücum çəkərək 13 baş xırdabuynuzlu heyvanı tələf ediblər.
Təsərrüfat sahibinin sözlərinə görə, canavarların hücumu son vaxtlar daha da artıb və onlar sürü şəklində hərəkət edirlər.
Budəfəki hücumda ona ümumilikdə 4 min manata yaxın maddi ziyan dəyib.
Qeyd edək ki analoji hadisə 2 gün öncə rayonun Çöl-Qubalı kəndində də qeydə alınmışdı. Orada isə canavarlar fermerin 16 baş xırdabuynuzlu heyvanı tələf edərək, ona ümumilikdə 10 min manata yaxın maddi ziyan vurmuşdu.

NOCOMMENT.AZ












