Venesuelada ölənlərin sayı - 1430-a çatdı

Venesuelada ölənlərin sayı - 1430-a çatdı

“Venesuelada baş vermiş iki dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin sayı sürətlə artır, davam edən afterşoklar isə axtarış-xilasetmə əməliyyatlarını ciddi şəkildə çətinləşdirir”.

NOCOMMENT.az “CNN News”a istinadla xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqes deyib.

Spikerin sözlərinə görə, təbii fəlakət nəticəsində humanitar böhran pik həddə çatıb:

“Bu həftə Venesuelada baş vermiş iki dağıdıcı zəlzələ nəticəsində azı 1430 nəfər ölüb, daha 3238 nəfər isə yaralanıb. Xilasedicilər dağıntılar altında sağ qalanları tapmaq üçün zamanla yarışırlar. Lakin ağır texnikanın çatışmazlığı və davamlı yeraltı təkanlar (afterşoklar) işi xeyli çətinləşdirir”.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti (USGS) isə daha sonra cəmi 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki güclü yeraltı təkanın qeydə alındığını açıqlayıb. Ölkə rəhbərliyi tərəfindən ümummilli fövqəladə vəziyyət rejimi elan olunub.