Türkiyənin Bolu şəhərində "ağır dələduzluq" ittihamı ilə mühakimə olunan Azərbaycan vətəndaşı Eldar Tapdıqov 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
NOCOMMENT.az xəbər verir ki, məhkəmə qərarından sonra onun yoxa çıxdığı bildirilir.
Bolu məhkəməsinin 7 yanvar 2026-cı il tarixli qərarına əsasən, 2005-ci il təvəllüdlü Eldar Tapdıqov "milyonluq dələduzluq" cinayətində təqsirli bilinib. Məhkəmə ona 3 il 4 ay həbs cəzası və 15 min türk lirəsi məbləğində cərimə təyin edib.
Qərarın elan edilməsindən sonra hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsin məlum ünvanlarında axtarış aparsalar da, onun yerini müəyyən etmək mümkün olmayıb. Bu səbəbdən məhkəmə qərarı Tapdıqova şəxsən təqdim edilə bilməyib.
Türkiyə qanunvericiliyinə uyğun olaraq, məhkəmə "ictimai elanla bildiriş" prosedurunu tətbiq edib.
Rəsmi açıqlamaya görə, hökmün elan olunduğu tarixdən 15 gün sonra qərar təqsirləndirilən şəxsə rəsmi şəkildə çatdırılmış hesab ediləcək.
Bundan sonra Eldar Tapdıqovun və ya vəkilinin iki həftə ərzində apelyasiya şikayəti vermək hüququ olacaq. Həmin müddətdə şikayət təqdim edilməzsə, məhkəmə qərarı qüvvəyə minəcək və onun barəsində həbsin icrası ilə bağlı hüquqi prosedurlar başlanacaq.
Hazırda Türkiyə hüquq-mühafizə orqanları Eldar Tapdıqovun yerinin müəyyən edilməsi istiqamətində axtarışlarını davam etdirirlər.
SARA
NOCOMMENT.az











