Gecə saatlarında Rusiyanın Voronej şəhərində yerləşən "Wildberries" logistika mərkəzinə hücum edilib. Nəticədə obyektdə şiddətli yanğın başlayıb. Yerli sakinlərin şərhlərinə və yayılan videolara əsasən, bina tamamilə yararsız hala düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "Unian" agentliyi məlumat yayıb. Bildirilib ki, işçilər təxliyə olunublar.
"Şirkətin Voronej vilayətindəki logistik obyektlərindəki personalı təhlükəsizlik qaydalarına uyğun olaraq ərazidən çıxarılıb", - deyə şirkətin mətbuat xidmətindən bildirilib.
Bölgənin qubernatoru Aleksandr Qusevin verdiyi məlumata görə, Voronej və vilayət ərazisinə 15 PUA-nın hücumu nəticəsində bir nəfər həyatını itirib, iki nəfər xəsarət alıb. Şirkətin anbarlarında 16 min və 20 min kvadratmetr sahədə yanğınlar qeydə alınıb.
"Ötən gecə hava hücumundan müdafiə qüvvələri tərəfindən Voronej və regionun beş rayonu üzərində 15 pilotsuz uçuş aparatı aşkar edilərək zərərsizləşdirilib. Novousman rayonunda qalıqların düşməsi nəticəsində küçədə olan 49 yaşlı kişi ağır yaralanıb və xəstəxanada vəfat edib. Daha iki nəfər də xəsarət alaraq xəstəxanaya yerləşdirilib", - deyə açıqlamada qeyd olunub.
Qubernator əlavə edib ki, hücum baş verən zaman xəsarət alanlardan biri küçədə, digəri isə böyük logistika mərkəzinin ərazisində olub.
Aleksandr Qusev həmçinin vurğulayıb ki, dron qalıqları üç yük və bir minik avtomobilinə ziyan vurub.










