Qəzzaya humanitar yardım aparan beynəlxalq "Global Sumud" flotiliyasına İsrail hərbi dəniz qüvvələrinin beynəlxalq sularda müdaxilə etməsi və fəalların saxlanılma forması dünya miqyasında böyük diplomatik böhrana səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, Türkiyə tərəfi İsrailin beynəlxalq hüquq normalarını pozaraq humanitar missiyaya hücum etməsini kəskin pisləyib və dünya birliyini Təl-Əvivə qarşı təxirəsalınmaz tədbirlər görməyə çağırıb.
Qalmaqalın daha da böyüməsinə isə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin sosial şəbəkə hesabında paylaşdığı videoçarx rəvac verib. Görüntülərdə əlləri qandallanmış və diz çökdürülmüş əcnəbi fəallarla qeyri-insani rəftar olunması xüsusilə İtaliyanın sərt reaksiyasına səbəb olub. Saxlanılanlar arasında çoxlu sayda öz vətəndaşlarının olduğunu bildirən Roma rəsmi Təl-Əvivdən dərhal üzr istəməyi tələb edib. İtaliyanın xarici işlər naziri Antonio Tajani bu davranışı "insan ləyaqətinə zidd və qəbuledilməz" adlandıraraq, İsrailin Romadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb və rəsmi izahat tələb edib.
Analoji addımı Fransa hökuməti də atıb. Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyanat yayaraq fəallara qarşı edilən bu hərəkətləri pisləyib, Parisin etirazını çatdırmaq üçün İsrail səfirinin XİN-ə çağırıldığını bildirib. Nazir Fransa vətəndaşlarının dərhal və hörmətlə sərbəst buraxılmasını tələb edib.
Flotiliya rəhbərliyinin məlumatına görə, İsrail hərbçiləri beynəlxalq sularda ümumilikdə 430-a yaxın humanitar fəalı saxlayaraq Aşdod limanına gətiriblər. Avropanın digər ölkələri olan İspaniya və Belçika da İsrail diplomatlarına qarşı bənzər diplomatik demarşlar ediblər.












