Builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Lakin ABŞ və İran arasında hərbi gərginliyin dayandırılması və nüvə proqramı ilə bağlı əldə olunan tarixi razılaşmadan sonra dünya neft bazarında kəskin ucuzlaşma tendensiyası müşahidə olunur. Bu vəziyyət neftin qiymətinin qarşıdakı dövrdə hansı həddə qədər enə biləcəyi və bunun neft gəlirlərindən birbaşa asılı olan milli iqtisadiyyatlara necə təsir göstərəcəyi ilə bağlı ciddi suallar və narahatlıqlar doğurur. Xüsusilə nəzərə almaq lazımdır ki, sabah — iyunun 19-da İsveçrədə ABŞ ilə İran arasında yekun rəsmi anlaşmanın imzalanması gözlənilir. Bu strateji sənədin imzalanması ilə İran neftinə tətbiq edilən qlobal blokadanın aradan qaldırılması və Tehranın böyük həmlə ilə dünya bazarına daxil olması neftin qiymətini daha da ucuzlaşdıra bilər. Hazırda iqtisadi dairələrdə əsas müzakirə mövzusu neftin hansı həddə qədər ucuzlaşacağı və qiymətlərin Azərbaycanın büdcə xərclərini sığortalayan 65 dollarlıq kritik həddən də aşağı düşüb-düşməyəcəyidir.
Məsələ ile bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, sabah İsveçrədə imzalanacaq ABŞ-İran sazişi qlobal enerji bazarında güc balansını tamamilə alt-üst edəcək və bu, Azərbaycanın neft gəlirləri üçün ciddi risklər yaradır: "İranın qlobal bazara mərhələli şəkildə qaytarılması dərhal təklif şokuna səbəb olacaq. Dünyada neft tədarükünün qəfil artması qiymətlərin kəskin enməsini qaçılmaz edir. Cari ilin dövlət büdcəsində 'Azeri Light' neftinin qiymətinin 65 dollardan götürülməsi indiki vəziyyətdə riskli həddə yaxınlaşır. Çünki yaxın aylarda dünya bazarında neftin barelinin 60 dollara, hətta daha aqressiv ssenarilərdə 55 dollara qədər ucuzlaşması real gözləntilər sırasındadır. Bu isə o deməkdir ki, neft qiymətləri büdcədə nəzərdə tutulan 65 dollarlıq proqnozdan da aşağı düşə bilər".
Onun sözlərinə görə, qiymətlərin büdcə hədəfindən aşağı düşməsi Azərbaycan iqtisadiyyatını neft gəlirlərinin azalması faktı ilə üz-üzə qoyacaq və çevik fiskal manevrlər tələb edəcək: "Əgər dünya bazarında ucuzlaşma uzunmüddətli xarakter alarsa, Dövlət Neft Fondundan (ARDNF) büdcəyə edilən transfertlərin artırılması və ya bəzi qeyri-strateji dövlət xərclərinin optimallaşdırılması zərurəti yarana bilər. Azərbaycan hökuməti neftin qiymətinin 65 dollardan aşağı düşməsi riskinə qarşı qeyri-neft sektorunun, xüsusən də tranzit və logistika imkanlarının genişləndirilməsini sürətləndirməlidir. Sabahkı görüşdən sonra başlayacaq ucuzlaşma dalğası bizə neft asılılığını minimuma endirmək üçün iqtisadi islahatların effektivliyini daha da artırmağın vacibliyini növbəti xəbərdarlıq kimi diktə edir".
Tunar,











