Son aylarda dünya bazarlarında qızıl və gümüşün qiymətlərində müşahidə olunan artım diqqət mərkəzindədir. Qlobal iqtisadi qeyri-müəyyənliklər, geosiyasi risklərin artması, mərkəzi bankların qızıl alışlarını sürətləndirməsi və investorların təhlükəsiz aktivlərə üstünlük verməsi qiymətli metalların dəyərinin yüksəlməsinə səbəb olur. Bu tendensiya Azərbaycan bazarından da yan keçmir.
Mütəxəssislər bildirirlər ki, dünya birjalarında qızılın bahalaşması ölkəmizdə satılan qızıl-zinət əşyalarının qiymətlərinə birbaşa təsir göstərir. Azərbaycan qızıl bazarı əsasən idxaldan asılı olduğundan beynəlxalq qiymətlərdə baş verən dəyişikliklər qısa müddətdə daxili bazarda da hiss olunur.

NOCOMMENT.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirlinin sözlərinə görə, ölkəyə gətirilən qızılın qiyməti dünya bazarındakı kotirovkalar əsasında müəyyənləşir:
“Qiymət artdıqca idxal xərcləri yüksəlir və bu da zərgərlik məmulatlarının satış qiymətlərinə yansıyır. Bununla yanaşı, emal, daşınma, gömrük və yerli ticarət xərcləri də son qiymətin formalaşmasında rol oynayır. Lakin daxili bazarda qiymətlər təkcə dünya qiymətlərindən asılı deyil, həm də mağazaların qoyduğu marja və satış strategiyalarına görə dəyişə bilir. Buna görə qlobal artım ümumi tendensiyanı yüksəltsə də, ölkə daxilində fərqli mağazalarda qiymət fərqləri qalmaqda davam edir”.
İqtisadçının fikrincə, qızılın bahalaşması xüsusilə toy mövsümündə alıcıların xərclərini artırır.
Azərbaycanda qızıl təkcə investisiya vasitəsi deyil, həm də ailə və məişət ənənələrinin mühüm hissəsi hesab olunur. Bu səbəbdən qiymət artımları vətəndaşların büdcəsinə birbaşa təsir göstərir. Bazarda fəaliyyət göstərən zərgərlər də etiraf edirlər ki, son aylarda bəzi məhsullar üzrə qiymətlər artıb. Xüsusilə yüksək əyarlı qızıl məmulatlarında bahalaşma daha çox hiss olunur. Bunun nəticəsində alıcıların bir hissəsi daha yüngül çəkili məhsullara və ya aşağı əyarlı qızıllara üstünlük verməyə başlayıb.
Ekspertlər hesab edirlər ki, qlobal iqtisadi risklər və beynəlxalq siyasi gərginliklər davam etdiyi müddətdə qızılın qiymətində ciddi ucuzlaşma gözlənilmir. Əksinə, təhlükəsiz investisiya aləti kimi qızıla tələbatın yüksək qalması qiymətlərin müəyyən müddət ərzində yüksək səviyyədə saxlanmasına səbəb ola bilər.
Dünya bazarlarında qızıl və gümüşün bahalaşması Azərbaycan bazarında da öz təsirini göstərir. İdxal xərclərinin artması, emal və logistika xərclərinin yüksəlməsi nəticəsində qızıl məmulatlarının qiymətlərində artım tendensiyası davam edir. Bununla belə, bazardakı rəqabət və satış siyasətləri səbəbindən qiymətlər müxtəlif mağazalarda fərqli şəkildə formalaşmağa davam edir. Mövcud vəziyyət isə göstərir ki, yaxın aylarda qızıl almağı planlaşdıran vətəndaşlar daha yüksək qiymətlərlə qarşılaşa bilərlər. /Musavat.com /











