Amerika Birləşmiş Ştatlarının strateji neft ehtiyatlarının sürətlə azalaraq 319,5 milyon barrelə düşməsi və son onilliklərin ən aşağı səviyyələrindən birini görməsi qlobal enerji bazarında həyəcan təbili çalınmasına səbəb olub. Cəmi 5 ay ərzində ehtiyatların 18% (75 milyon barrel) kiçilməsi fonunda Vaşinqtonun bazara əlavə 40 milyon barrel neft çıxarmağı müzakirə etdiyi halda, son olaraq cəmi 500 min barrellik simvolik bir satışla kifayətlənməsi beynəlxalq analitiklərin böyük suallarına yol açıb. Enerji təhlükəsizliyi sahəsində yaranan bu kəskin ehtiyat qıtlığı qlobal tədarük zəncirindəki son hərbi-siyasi gərginliklərlə birləşərək neft qiymətləri üzərindəki təzyiqi daha da artırır.
Məsələ haqda NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, səbəb ondan ibarətdir ki, Vaşinqton ehtiyatların daha da azalmasının milli enerji təhlükəsizliyi üçün risk yaradacağını düşünür: "Strateji ehtiyatların bu həddə qədər sıfırlanması fövqəladə hallarda ABŞ-ın daxili tələbatını qarşılamaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Digər tərəfdən, Texas və Luizianadakı strateji rezervlərin saxlandığı infrastrukturun uzun müddət yüksək həcmdə istismarı texniki məhdudiyyətlər də yaradıb. Bu nəhəng yeraltı duz mağaralarından neftin fasiləsiz və irihəcmli sızdırılması quyuların aşınmasına və təhlükəsizlik risklərinə yol açır. Mart ayında Hörmüz boğazı ətrafında yaranan gərginlik fonunda Beynəlxalq Enerji Agentliyi qlobal bazara 400 milyon barrel neft çıxarmaq qərarı vermişdi. Bunun 172 milyon barreli məhz ABŞ-ın payına düşürdü və bu ağır öhdəlik Vaşinqtonun daxili ehtiyatlarını kritik həddə qədər zəiflətdi".
Onun sözlərinə görə, regional münaqişələrin alovlanması və dəniz yollarının qapadılması fonunda ABŞ-ın ehtiyat satışını dayandırması yaxın gələcəkdə qlobal bazarda fiziki neft qıtlığını qaçılmaz edə bilər: "İyun ayında əldə olunan müvəqqəti atəşkəs bazarlarda müəyyən bir nikbinlik yaratsa da, iyulun əvvəlində vəziyyət yenidən gərginləşdi. Bir tərəfdən də Hörmüz boğazından keçən tankerlərin sayı cəmi 24 saat ərzində 50% azalıb, yəni yarıbayarıya düşüb. ABŞ-ın koordinasiya etdiyi təhlükəsiz marşrutla boğazı keçən iri gəmilərin hərəkəti təhlükəsizlik səbəbindən tamamilə dayanıb. Atəşkəsin ilk 10 günündə Hörmüzdən neft axını normal dövrün 80%-nə qədər bərpa olunmuşdusa, bu həftəki hücumlardan sonra bu göstərici dərhal 70%-in altına düşüb. ABŞ indiyədək strateji ehtiyatlardan bazara neft buraxmaqla qlobal təklifdə yaranan boşluğu müəyyən qədər kompensasiya edirdi. İndi bu prosesin yavaşıması bazarda fiziki neft təklifinin nə qədər həssas olduğunu daha aydın göstərir. Bu da o deməkdir ki, bazarda real fiziki neft qıtlığı riski var və bu gərginlik davam edərsə, yaxın müddətdə qiymətlərin kəskin şəkildə yuxarı doğru sıçrayışını müşahidə edə bilərik".
Tunar,











