Rusiyanın Don-Azov kanalında, eləcə də Azov və Qara dənizi birləşdirən strateji Kerç boğazında gəmiçiliyi dayandırmaq barədə qəbul etdiyi qəti qərar qlobal logistika zəncirində və xüsusilə də dünya ərzaq bazarında çox ciddi fəsadlara yol aça biləcək böhranın əsasını qoyub.
Regionda hərbi gərginliyin pik həddə çatması fonunda tətbiq edilən bu qadağa beynəlxalq ticarət marşrutlarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Xüsusilə Rusiya kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxışında əsas arterial damarlardan biri hesab olunan bu su yollarının qapadılması qlobal ərzaq təhlükəsizliyi baxımından ekspertləri ciddi həyəcan təbili çalmağa vadar edir.
Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Şahin Cəfərli deyib ki, Rusiya buğdasının dörddə biri məhz Don çayını Azov dənizi ilə əlaqələndirən kanal vasitəsilə dünya bazarına çıxarılırdı: "Bu tranzit yolunun tamamilə iflic olması qlobal taxıl tədarükündə kəskin qırılmalara yol açacaq. Rusiya dünyanın ən böyük buğda ixracatçılarından biri olduğu üçün bu marşrutun bağlanması birbaşa təklif qıtlığı yaradacaq. Bu durum yaxın müddətdə dünya bazarında buğda və unun sürətlə bahalaşmasına səbəb ola bilər. Eyni zamanda, Azov-Qara dəniz akvatoriyasında əməliyyatları davam etdirən Ukrayna Pilotsuz Qüvvələr Komandanlığı bu gecə daha 28 tanker və gəmiyə zərbə endirib. Nəticədə son 6 gün ərzində vurulan hərbi və kommersiya təyinatlı tanker və gəmilərin sayı artıq 76-ya çatıb ki, bu da dəniz nəqliyyatının hərbi hədəfə çevrildiyini təsdiq edir".
Onun sözlərinə görə, Ukraynanın hərbi strategiyasında baş verən struktur dəyişiklikləri Rusiya daxilindəki hədəflərə qarşı hücumların daha da intensivləşəcəyindən və gəmiçilik böhranının daha da dərinləşəcəyindən xəbər verir: "Prezident Volodimir Zelenski dünən Ukrayna ordusunda yeni bir strukturun – Rusiya Federasiyasına Uzaqmənzilli Zərbə Komandanlığının yaradıldığını rəsmən açıqlayıb. Bu yeni hərbi komandanlıq Ukrayna güc strukturlarının Rusiya ərazilərindəki və strateji su hövzələrindəki hədəflərə qarşı əməliyyatlarının mərkəzləşdirilmiş və bir-biri ilə daha sıx əlaqələndirilmiş şəkildə aparılmasına cavabdeh olacaq. Bu addım onu göstərir ki, Qara dəniz və ətrafındakı su yolları bundan sonra da aktiv döyüş zonası olaraq qalacaq və gəmiçiliyin dayandırılması sadəcə müvəqqəti tədbir deyil, uzunmüddətli qlobal iqtisadi təhdid xarakteri daşıyır".
Tunar,











