İranın Zəngəzur dəhlizi ilə bağlı ŞOK PLANI - Revanşistlər bunu etsə...

İranın Zəngəzur dəhlizi ilə bağlı ŞOK PLANI - Revanşistlər bunu etsə...

ABŞ və İsrailin İrana qarşı ikinci müharibəsindən sonra Zəngəzur dəhlizi (TRIPP marşrutu) mövzusu vaxtaşırı müzakirə predmetinə çevrilir. İranın guya bu layihəyə ciddi əngəl yarada biləcəyi qeyd olunur.

Hərçənd, Ermənistan Baş naziri Nikol Paşinyan layihənin reallaşması yönündə artıq bu ilin payızında praktik addımlar atılacağını bəyan edib. '5 ölkə ilə müharibədən sonra İran regional oyunçudan qlobal oyunçuya çevrilib. Ümumiyyətlə, avropalılar, İsrail və amerikalılar İranla razılığa gəlməlidirlər'. Bunu erməni revanşist ekspert Vladimir Poqosyan deyib. 'İndi Paşinyan, Tramp, Moskva, Ankara və Bakı TRIPP-dən danışdığı üçün 100% əminliklə deyə bilərəm: bu marşrut açılmayacaq. Rusiyanın “ikinci cəbhə”yə gücü çatmaz. Tramp isə 42 kilometr üçün döyüşməyəcək. Türkiyə də (Ankara üçün İrandan keçən marşrut Ermənistandan keçməkdən daha məqbuldur). Azərbaycannedən isə bəhs etməyəcəyəm – Bakı İranla çəkişəsi deyil ki? Tehran TRIPP marşrutunun açılmasına icazə verməyəcək və burada maraqlarımız uzlaşır', - Poqosyan iddia edib. Yəni, yenə İran, yenə Zəngəzur marşrutuna əngəl məsələsi.

Poqosyan öz arzusunu dilə gətirir, yoxsa...

Cənubi Qafqazda formalaşan yeni geosiyasi nizam və regional nəqliyyat qovşaqlarının, xüsusilə Zəngəzur dəhlizinin (TRIPP) açılması perspektivi İrəvandakı revanşist dairələrdə növbəti isterika dalğasına səbəb olub. Beynəlxalq güclərin bölgədəki maraqlar balansını düzgün analiz edə bilməyən erməni ekspertləri hələ də xarici faktorların, xüsusən daxili və xarici böhranlarla boğuşan İranın hərbi-siyasi rıçaqlarına güvənərək Bakının strateji planlarını bloklamaq xəyalları qururlar. Lakin rəsmi İrəvanın belə artıq bu ilin payızında layihə ilə bağlı praktik addımların atılacağını etiraf etməsi göstərir ki, masada reallıqlar tamamilə fərqlidir və heç bir regional maneə beynəlxalq tranzit layihələrinin qarşısını almaq gücündə deyil.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, erməni revanşist Vladimir Poqosyanın səsləndirdiyi iddialar siyasi savadsızlıqdan və çarəsizlikdən irəli gələn növbəti ssenaridir: "Erməni ekspertlər hələ də dərk etmirlər ki, regionda hərbi və diplomatik təşəbbüs birmənalı olaraq Azərbaycanın əlindədir. Poqosyanın İranı 'qlobal oyunçu' elan etməsi və Tehranın rəsmi Bakıya təzyiq edə biləcəyini iddia etməsi gülüncdür. Azərbaycan son illərdə regionda elə bir balanslaşdırılmış və qətiyyətli siyasət yürüdüb ki, hər hansı qonşu dövlətin Bakı ilə diktə dilində danışması qeyri-mümkündür. Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, eyni zamanda Çindən Avropaya qədər uzanan böyük Orta Dəhliz layihəsinin tərkib hissəsidir. Paşinyanın artıq payız aylarında praktik addımların atılacağını bəyan etməsi İrəvanın da bu qaçılmaz reallıqla barışdığını və kənarda qalmamağa çalışdığını sübut edir. Belə bir vəziyyətdə erməni revanşistlərin hələ də Tehranın arxasında gizlənmək cəhdləri boş xəyaldan başqa bir şey deyil".

Onun sözlərinə görə, Zəngəzur marşrutu ətrafında qurulan geosiyasi maraqlar zənciri Vladimir Poqosyanın iddia etdiyinin tam əksinə olaraq bütöv bir qlobal konsensusun məhsuludur: "Erməni mütəxəssisin Ankara, Moskva və Vaşinqtonun bu məsələdə geri çəkiləcəyini deməsi tamamilə yanlış analizdir. Türkiyə üçün bu dəhliz türk dünyasına açılan birbaşa strateji qapıdır və Ankara heç bir halda bu tarixi şansı əldən verməz. Rusiya və ABŞ isə regional nəqliyyat xətləri üzərində öz nəzarət rıçaqlarını qurmaq uğrunda rəqabət aparırlar, marşrutun bağlanması uğrunda yox. Azərbaycan daxili və xarici diplomatiyada bütün riskləri, o cümlədən Hörmüz boğazı və Yaxın Şərq regionundakı gərginlikləri öncədən hesablayıb. Tehran da yaxşı anlayır ki, Bakı ilə gərginlik yaratmaq onun onsuz da zəifləmiş iqtisadiyyatına və təhlükəsizliyinə ağır zərbə vura bilər. Odur ki, Poqosyan sadəcə öz daxili auditoriyasını sakitləşdirmək üçün növbəti nağılı tirajlayır. Azərbaycan öz istəyinə nail olacaq və payızda bu marşrutun hüquqi və fiziki konturları daha da dəqiqləşəcək".