İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə hücumu regionda onsuz da gərgin olan vəziyyətin nə qədər təhlükəli mərhələyə çatdığını bir daha göstərdi. Azərbaycan tərəfi uzun müddətdir ki, qonşuluq prinsiplərinə sadiq qalaraq bölgədə balanslı mövqe nümayiş etdirməyə çalışır. Hətta İranın dini liderinin ölümü ilə bağlı Prezident İlham Əliyevin Tehranın Bakıdakı səfirliyini ziyarət edərək başsağlığı verməsi də bu yanaşmanın nümunəsi idi. Lakin bu addımdan cəmi bir gün sonra Naxçıvana edilən hücum göstərdi ki, molla rejimi Azərbaycana qarşı düşmənçilik siyasətindən imtina etmək niyyətində deyil.
Əslində bu davranış yeni deyil. İranın hakim dini-siyasi sistemi uzun illərdir regionda müxtəlif oyunlar oynayır və Azərbaycana qarşı da tez-tez ikili siyasət yürüdür. 44 günlük Vətən müharibəsi zamanı Tehran rəsmi olaraq neytral mövqe nümayiş etdirməyə çalışsa da, faktiki olaraq Ermənistanın maraqlarına uyğun addımlar atırdı. Müharibədən sonra Ermənistan sərhədini “qırmızı xətt” elan etməsi də həmin siyasətin davamı idi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Tehran üçün ciddi narahatlıq doğurdu və bu narahatlıq müxtəlif formada özünü göstərməyə başladı.
Bu kontekstdə Naxçıvana hücum təsadüfi hadisə kimi görünmür. Hücum zamanı mülki obyektlərin – hava limanının və hətta məktəbin hədəfə alınması isə məsələnin mahiyyətini daha da ağırlaşdırır. Dörd pilotsuz uçuş aparatının istifadə olunduğu hücumda bəzi PUA-lar zərərsizləşdirilsə də, hava limanı ərazisinə zərbələr endirilməsi və mülki şəxslərin yaralanması göstərir ki, burada məqsəd təkcə hərbi mesaj vermək deyildi. Bu, eyni zamanda psixoloji və siyasi təzyiq cəhdi idi.
Lakin məsələnin başqa, daha təhlükəli tərəfi də var. Hücumdan dərhal sonra sosial şəbəkələrdə və müxtəlif platformalarda İran rejimini müdafiə edən, hadisəni başqa istiqamətə yönəltməyə çalışan kampaniya başladı. Bu şəxslər iddia edirdilər ki, guya hücum İran tərəfindən deyil və məqsəd Azərbaycanı Tehranla üz-üzə qoymaqdır. Bəziləri isə daha irəli gedərək ABŞ və İsraillə müharibə aparan İranın guya Azərbaycana hücum etməsinin “məntiqsiz” olduğunu yazırdı.
Bu iddialar ilk baxışda fikir müxtəlifliyi kimi görünə bilər. Lakin hadisələrin ardıcıllığı və istifadə olunan arqumentlər göstərir ki, burada məqsəd sadəcə fərqli mövqe bildirmək deyil. Məqsəd konkret hadisəni təhrif etmək, diqqəti əsas faktlardan yayındırmaq və Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaqdır. Bu isə artıq informasiya manipulyasiyasıdır.
İran rejiminin region ölkələrində ideoloji və informasiya təsiri yaratmağa çalışdığı yeni fakt deyil. Bu təsir müxtəlif dini, siyasi və media kanalları vasitəsilə illərdir həyata keçirilir. Azərbaycan kimi geosiyasi baxımdan mühüm mövqedə yerləşən ölkədə isə belə təsir cəhdləri daha intensiv olur. Naxçıvana hücumdan sonra baş verən informasiya kampaniyası da bu strategiyanın bir hissəsi kimi görünür.
Ən təhlükəli məqam isə bu kampaniyanın içimizdən bəzi şəxslər tərəfindən aparılmasıdır. Xarici ölkənin maraqlarını müdafiə etmək, xüsusilə də həmin ölkə Azərbaycanın mülki obyektlərini hədəfə almışkən, artıq sadəcə siyasi mövqe deyil. Bu, milli təhlükəsizlik məsələsinə çevrilir. Çünki informasiya müharibəsi müasir dövrdə hərbi münaqişələr qədər ciddi təsirə malikdir.
Azərbaycan cəmiyyəti bu cür hallarda xüsusilə diqqətli olmalıdır. Birinci növbədə, yayılan məlumatların mənbəyi və məqsədi diqqətlə qiymətləndirilməlidir. Sosial mediada yayılan hər iddianın arxasında bəzən müəyyən siyasi və ideoloji məqsədlər dayanır. Dezinformasiyanın ən böyük gücü isə insanların emosiyalarına təsir etməsidir.
İkinci mühüm məsələ dövlət və cəmiyyət arasında informasiya koordinasiyasının gücləndirilməsidir. Belə hallarda rəsmi məlumatların operativ şəkildə təqdim olunması və cəmiyyətin düzgün məlumatlandırılması vacibdir. Çünki informasiya boşluğu yaranan kimi bu boşluğu müxtəlif manipulyativ iddialar doldurmağa başlayır.
Üçüncü və bəlkə də ən vacib məsələ isə ictimai rəyin manipulyasiyasına cəhd edən şəbəkələrin ifşa olunmasıdır. Azərbaycan cəmiyyətində xarici dövlətlərin maraqlarına xidmət edən informasiya fəaliyyətlərinin aşkara çıxarılması həm dövlət təhlükəsizliyi, həm də ictimai sabitlik baxımından vacibdir.
Naxçıvana edilən hücum bir daha göstərdi ki, təhlükə yalnız sərhədlərin o tərəfində deyil. Müasir dövrdə təhlükə bəzən informasiya məkanında, sosial şəbəkələrdə və ictimai rəy üzərində aparılan manipulyasiya cəhdlərində də ortaya çıxır.
Azərbaycanın gücü yalnız hərbi imkanlarında deyil. Bu güc həm də cəmiyyətin birliyində, milli maraqlar ətrafında formalaşan həmrəylikdədir. Tarix dəfələrlə göstərib ki, bu birlik möhkəm olanda heç bir təzyiq və təxribat ölkəni zəiflədə bilmir.
Bu gün əsas məsələ məhz həmin birliyi qorumaqdır. Çünki müasir müharibələr təkcə cəbhədə deyil, həm də informasiya və düşüncə məkanında aparılır. Azərbaycanın gələcəyi isə yalnız ayıq-sayıq və məsuliyyətli cəmiyyətlə daha təhlükəsiz olacaq.
Əli Səfərli,
NOCOMMENT.az












