Moskva və Sankt-Peterburqda hələ də koronavirus bəhanəsi ilə müxalifətin mitinqlərinə imkan verilmir, amma bölgələrdə…
2025-ci ilin payızında Rusiyada etirazların sayı kəskin şəkildə artıb.
“Novaya qazeta” xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində xüsusilə vergi islahatına etiraz olaraq küçələrə çıxır, etirazlarını bildirirlər. Qeyd olunur ki, etiraz aksiyaları ən çox Sibir və Uzaq Şərqdə keçirilir, mərkəzi Rusiyada vəziyyət daha sakitdir. Həm də bu aksiyalar yerli hökumətlə razılaşdırılmış keçirilir. Moskva və Sankt-Peterburqda hakimiyyət hələ də koronavirus bəhanəsi ilə müxalifətin hər hansı etiraz aksiyası keçirmək təşəbbüsünü qadağan edir. 2025-ci ilin iyununda hakimiyyət üçün təhlükəsiz bir mövzuda Taqanskaya metro stansiyasında Stalinin barelyefinin bərpasına etiraz olaraq mini-aksiya təşkil etmək istəyən “Yabloko” Partiyasına Moskva meriyası koronovirus bəhanəsi ilə mənfi cavabı verib.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Rusiyanın bəzi bölgələrində sosial və siyasi vəziyyətlə əlaqədar olaraq ictimai narazılıqların müşahidə olunması müəyyən mənada gözləniləndir və labüd xarakter daşıyır:
“Ölkənin müharibə şəraitində olması iqtisadiyyat üzərində ciddi yük yaradır; bu yükün sosial nəticələri isə əhalinin müəyyən təbəqələrində etiraz və narazılıq əhval-ruhiyyəsini gücləndirir. Məhz bu kontekstdə bəzi regionlarda aksiyaların keçirilməsinə məhdud şəkildə icazə verilməsi, lakin mərkəzdə bu cür tədbirlərin qadağan olunması Kremlin təhlükəsizlik və nəzarət siyasətinin tərkib hissəsi kimi dəyərləndirilə bilər”.
Hüseynov qeyd edib ki, hazırkı mərhələdə Rusiya mərkəzi hakimiyyəti həm paytaxtda, həm də regionlarda prosesləri idarə etmək və tənzimləmək gücünü qoruyub saxlayır:
“Lakin mövcud sosial-iqtisadi yüklənmənin və müharibə faktorunun orta və uzunmüddətli perspektivdə hansı nəticələrə gətirib çıxaracağı, proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələlik açıq sual olaraq qalır. Bu məsələyə dair qəti fikir yürütmək çətindir və situasiyanın gələcək gedişatı real mənzərəni daha aydın şəkildə ortaya qoyacaq”.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan AMİP sədrinin müavini, politoloq Afsəddin Nəbiyev qeyd edib ki, əslində Rusiyada baş verən bu proseslər birbaşa iqtisadi tənəzzüllə bağlıdır və məsələyə məhz bu prizmadan yanaşmaq daha doğru olar:
“Regionlarda aksiyalara icazə verilməsi Kreml üçün bir növ “təzyiq klapanı” funksiyası daşısa da, eyni zamanda mərkəzdən kənarda nəzarətin zəiflədiyini açıq şəkildə göstərir.
Etirazların əsas səbəbləri sosial-iqtisadi amillərlə bağlıdır.
2025-ci ildən Rusiyada genişmiqyaslı vergi islahatı tətbiq edilib. Sadələşdirilmiş vergi rejimindən pilləli sistemə keçid, yüksək gəlirlər üçün vergi yükünün 22 faizə qədər artırılması kiçik və orta biznesin üzərinə əlavə maliyyə yükü qoyub. Bu isə xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarların ciddi narazılığına səbəb olub. Kiçik biznesin sıxışdırılması hazırda əsas risk faktorlarından biri kimi qiymətləndirilir.
Eksperimental vergi rejimləri, əlavə tənzimləmələr və nəzarət mexanizmləri sahibkarların fəaliyyət imkanlarını xeyli məhdudlaşdırıb. Regionlarda iqtisadi alternativlərin azlığı bu narazılığı daha da dərinləşdirir. Narazılıqlar artan templə davam edir və artıq təkcə iqtisadi deyil, siyasi xarakter də almağa başlayıb.
Sibir və Uzaq Şərq bölgələrində keçirilən etiraz aksiyaları formal olaraq sosial-iqtisadi şüarlarla müşayiət olunsa da, əslində Kremlin həddindən artıq mərkəzləşdirilmiş idarəetmə modelinə qarşı dolayı etiraz formasıdır.
İnsanlar açıq siyasi çağırışlardan çəkinərək iqtisadi problemləri ön plana çıxarır, lakin bu narazılıqların kökündə siyasi səbəblər dayanır”.
Politoloqun sözlərinə görə, Moskva və Sankt-Peterburqda isə mitinqlər hələ də “koronavirus” məhdudiyyətləri bəhanəsi ilə qadağan olunur:
“Bu yanaşma Kreml üçün siyasi risklərin yüksək olduğu paytaxtlarda ictimai narazılığın açıq şəkildə görünməsinin qarşısını almağa hesablanıb.
Regionlarda aksiyalara icazə verilməsinin əsas səbəbi də məhz budur. Sibir və Uzaq Şərqdə razılaşdırılmış etirazların keçirilməsinə şərait yaradılması Kremlin “təzyiq klapanı” siyasətini xatırladır. Beləliklə, narazılıqlar mərkəzdən uzaq ərazilərdə “boşaldılır”, paytaxtlarda isə nisbi siyasi sabitlik qorunmağa çalışılır. Bununla yanaşı, regionlarda etirazların artması mərkəzdən kənarda nəzarətin zəiflədiyinə də işarə edir. Yerli idarəetmə orqanları bəzi hallarda mərkəzin sərt göstərişlərini tam icra etmir, bu isə Kremlin idarəetmə mexanizmlərində çatların formalaşdığını göstərir.
Paytaxtda tətbiq olunan sərt qadağalar isə narazılığı daha da dərinləşdirir. Beləliklə, Rusiyada etirazların artması həm iqtisadi, həm də siyasi səbəblərin sintezindən qaynaqlanır.
Vergi islahatları və kiçik biznesin sıxışdırılması insanların gündəlik həyatına birbaşa təsir edir və bu da siyasi narazılığın dolayı ifadəsinə çevrilir.
Mövcud iqtisadi vəziyyət daha da ağırlaşdıqca, bu etirazların açıq və daha sərt siyasi müstəviyə keçməsi artıq qaçılmaz görünür”.












