“5-ci kolon” xalqımızın müstəqillik əzmini sındıra bilmədi

“5-ci kolon” xalqımızın müstəqillik əzmini sındıra bilmədi

Azərbaycanın müstəqillik tarixində 1991-ci il 18 oktyabr gününün sözlə ifadə oluna bilməyəcək qədər MÖHTƏŞƏM yeri var.

Düz 34 il öncə xalqımızın milli azadlıq mücadiləsinin bəhrəsi olan həmin GÜNƏ nail olmaq heç də asan başa gəlmədi.

Bu gün əminliklə demək olar ki, millətimizin qanına susamış cinayətkar xislətli Mixail Qorbaçov və onun quldur dəstəsinin bütün qırğınlarına, Rusiyanın “5ci kolon” adlandırılan tör-töküntülərinin canfəşanlıqlarına rəğmən, Vətənimizin igid oğul və qızları çiyin-çiyinə dayanaraq, Azərbaycan adlı cənnət məmləkətimizin müstəqilliyini nəinki bərqərar etdilər, həm də onun dönməzliyini təmin etdilər.

Bu yolun başlanğıcı çox ağrılı-acılı oldu. 18 oktyabr 1991-ci ilə qədər 20 Yanvar qırğınana məruz qalmış xalqımızı müstəqilliyi bərpa etdikdən sonra Malıbəyli, Quşçular qətliamı, Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya soyqırımları, Başlıbel faciəsi ilə qorxutmağa çalışdılar.

Rusiyanın əli ilə Qarabağın dağlıq hissəsi və ona bitişik 7 rayon işğal edildi, ölkəmizdə milyona yaxın qaçqın və məcburi köçkün yarandı.

Lakin bu amillərin heç biri xalqımızın hürr iradəsini sındıra bilmədi.

Bəxtimiz onda gətirdi ki, görkəmli dövlət xadimi, türk dünyasının liderlərindən biri və dünyanın nüfuzlu siyasətçiləri arasında xüsusi yeri ilə seçilən Heydər Əliyev ölkəmizə rəhbərlik etməyə başladı.

Onun misilsiz fəaliyyəti isə həm daxili, həm də xarici düşmənlərimizin planlarını kökündən pozdu.

Öncə Rusiyanın və İranın fitnəsi ilə ölkəmizdə erməni separatizmindən ruhlanıb baş qaldıran digər separatizm ocaqları söndürüldü və dövlət çevrilişlərinin qarşısı alındı.

Sonra güclənməyə vaxt qazanmaq üçün “Bişkək protokolu” imzalandı. Bu, Qərb dövlətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına yol açdı. Dahi siyasətçi Heydər Əliyev ölkəmizin siyasi, hüquqi, müdafiə quruculuğunun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı.

Vətənimizin öz qətiyyətli liderinin rəhbərliyi altında getdikcə gücləndiyini görən ruspərəst və iranpərəst qüvvələr müstəqilliyin qazanılmadığını, sadəcə bizə verildiyi barədə əbləhcəsinə “rus-iran nəğmələri” ötməyə başladılar. Onlar buna nümunə kimi Orta Asiya dövlətlərini göstərdilər. Ramiz Mehdiyev kimi qüvvələrin rəhbərlik etdiyi bu cür xəstə təxəyyüllü dəstələr axmaq fikirlərini cəmiyyətə sırımaq istərkən 20 Yanvar qırğını zamanı rusların qətlə yetiirdikləri günahsız oğul və qızlarımızın, Birinci Qarabağ savaşında həlak olmuş şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanından belə utanmadılar. Çünki həmin xiyabanında yatan oğul və qızlarımızın əksəriyyəti məhz milli azadlıq mübarizəsinin önündə gedən övladlarımız idi.

Bununla paralel olaraq Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışarkən o, özünün milli azadlıq hərəkatında iştirak etdiyini öz adamlarına dedizdirməyə çalışırdı…

Lakin igid Mübariz İbrahimovun 2010-cu ilin 18 iyunundan 19-na keçən gecə Dağlıq Qarabağ təmas xətti üzrə Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına təkbaşına hücum etməsi əbləhlərin “müstəqillik verilib” iddiasının üzərindən birdəfəlik xətt çəkdi. 22 yaşlı Mübarizin Azərbaycan xalqının səbrinin tükəndiyini göstərən addımlar atması məhz müstəqilliyimizin xalqımıza necə cəsur oğul qazandırdığının isbatı idi. Bu fakt ölkəmizdə Vətənimizin hər qarış torpağı uğrunda canından, qanından keçməyə hazır olan qəhrəmanların hər zaman mövcud olduğunu Rusiyanın, Ermənistanın və “5-ci kolon”un gözünə soxdu.

2016-cı ildə bunu Aprel döyüşlərinin, 2020-ci ildə Tovuz döyüşlərinin, 44 günlük Vətən Müharibəsinin və 2023-cü ilin 19-20 sentyabr əməliyyatının qəhrəmanları da sübut etdilər.

Amma Aprel döyüşlərindən sonra hünərli hərbçilərimizin qəhrəmanlığından qorxuya düşən “5-ci kolon”un hakimiyyətdə tülkü kimi yerləşmiş qüvvələri onları ləkələmək üçün Tərtər hadisələrini törətdilər. Bu cinayətlərin arxasında isə Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətinə böyük zərbə endirmək kimi məkrli planlar dayanırdı.

Lakin xalq Prezident İlham Əliyevin necə böyük müstəqillik sevdalısı olduğunu 2020-ci ilin 14 iyulunda törədilmiş Tovuz döyüşləri zamanı anlamağa başladı. Həmin hadisələr zamanı İlham Əliyev düşmənlərimizin ölkəmizin müstəqilliyinə qəsd etmək niyyətində olduqlarını açıq-aşkar dilə gətirdi. 2020-ci ilin 27 sentyabr tarixində Vətən Müharibəsinin başlamasından sonra isə Azərbaycan Prezidentinin hər çıxışı, hər müraciəti xalqımızın ürəyinə məlhəm oldu. Xalq dövlət başçısının torpaqlarımızın işğaldan azad olunması, erməni faşistlərinin tapdağından qurtulması naminə dünya gücləri ilə necə qətiyyətlə savaşdığının şahidi oldular.

Xankəndinin mərkəzində Azərbaycanın dövlət bayrağını ucaltması isə İlham Əliyevin adının qızıl hərflərlə ölkəmizin tarixinə yazması və xalqımızın ürəyini əbədi fəth etməsi ilə nəticələndi.

Odur ki, bu gün Azərbaycanın müstəqilliyi uğrunda mücadilə etmiş bütün dövlət və siyasi xadimlərimizin, bu yolda canından, qanından keçmiş bütün oğul və qızlarımızın ruhları şaddır!

Əziz Vətən, Müstəqilliyinin Bərpası Günün mübarək olsun!

Xatirə SADİQ