Türkiyə ilə Ermənistan arasındakı Marqara sərhəd-keçid məntəqəsində yenidənqurma və bərpa addımlarının kəskin şəkildə sürətləndiyi barədə məlumatlar yayılıb. Uzun illərdir qapalı qalan bu qapının yenidən aktivləşməsi fonunda regionda yeni bir geosiyasi mənzərə yaranır. Lakin burada ən prinsipial məqam rəsmi Bakının mövqeyidir. Azərbaycan Ermənistanla bağlı bütün regional açılımların və kommunikasiya xətlərinin bərpasının Türkiyə ilə tam uzlaşdırılmış şəkildə, sinxron və paralel olaraq həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir.
NOCOMMENT.az xəbər verir ki, Cənubi Qafqazda çoxdandır gözlənilən böyük sülhün və iqtisadi inteqrasiyanın ilkin siqnalları artıq özünü praktik müstəvidə büruzə verməkdədir. Marqara keçid məntəqəsində mühəndis və gömrük infrastrukturunun sürətlə qurulması birtərəfli bir addım deyil, bölgənin gələcək loqistik xəritəsini dizayn edən mühüm bir gedişdir. Bu məsələdə əsas diqqət çəkən nüans ondan ibarətdir ki, regionun iki aparıcı gücü — Azərbaycan və Türkiyə İrəvanla münasibətlərin normallaşması prosesində tamamilə ortaq və vahid strategiyadan çıxış edirlər. Bu koordinasiya Ermənistanın birtərəfli dividendlər qazanmaq cəhdlərinin qarşısını alır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli qeyd edib ki, Türkiyənin sərhəddə apardığı texniki hazırlıqlar Bakı ilə Ankaranın masada qurduğu böyük ortaq siyasətin əməli müstəvidəki təzahürüdür: "Ermənistan rəhbərliyi uzun müddət elə zənn edirdi ki, Azərbaycanla sülh müqaviləsi imzalamadan, konstitusiyadakı ərazi iddialarını silmədən Türkiyə ilə ayrıca anlaşıb sərhədləri aça bilər. Lakin Marqara ətrafında baş verənlər bu xəyalları tamamilə puç etdi. Azərbaycanın strateji xətti bəllidir: İrəvanla həm sərhədlərin delimitasiyası, həm də nəqliyyat dəhlizlərinin açılması prosesi Türkiyənin addımları ilə tam paralel getməlidir. Ankara da öz növbəsində Bakının maraqları təmin olunmayana qədər bu qapıların tam olaraq fəaliyyətə başlamayacağını ən yüksək səviyyədə bəyan edib. Hazırda sərhəddəki bərpa işləri sadəcə gələcək sülh sazişindən sonra atılacaq addımların infrastruktur bazasını hazırlamaq məqsədi daşıyır".
Ekspertin fikrincə, Bakı və Ankaranın bu cür vahid cəbhədən çıxış etməsi Cənubi Qafqazda dayanıqlı sabitliyin qurulması üçün ən həlledici faktordur: "Ermənistan dərk etməlidir ki, regional blokadadan çıxmağın tək bir yolu var, o da həm Bakı, həm də Ankara ilə eyni vaxtda konstruktiv dil tapmaqdır. Şuşa Bəyannaməsinin hüquqi və siyasi fəlsəfəsi də məhz bunu tələb edir. Əgər İrəvan payıza qədər sülh müqaviləsi istiqamətində real irəliləyişə imza atsa, konstitusiyasına yenidən baxsa, eyni anda həm Azərbaycanla yollar açılacaq, həm də Türkiyə ilə quru sərhədi işə düşəcək. Bu paralel və sinxron yanaşma regionda hər hansı bir revanşizm meylinin formalaşmasına imkan vermir. Marqaradakı gömrük məntəqəsinin yenilənməsi əslində Ermənistan üçün bir şans və stimuldur. Lakin o qapıdan real hərəkətin başlamasının yeganə açarı İrəvanın Bakının beynəlxalq hüquqa söykənən şərtlərini tam qəbul etməsindən keçir".
Tunar,











