Bütün dünya Putinin çıxışını gözləyir - Rusiya ümumi səfərbərliyə gedir?

Bütün dünya Putinin çıxışını gözləyir - Rusiya ümumi səfərbərliyə gedir?

“Bütün dünya Rusiya Prezidenti Vladimir Putinin 9 May paradındakı çıxışını gözləyir və bu, çox vacib olacaq”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Həmişəki kimi, paradda prezidentin çox vacib bir çıxışını gözləyirik”, - Peskov bildirib.

Putin 9 mayda nəyin mesajını verəcək? Rusiya ümumi səfərbərliyəmi hazırlaşır?

NOCOMMENT.az xəbər verir ki, hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirib ki, Kremlin bu cür “çox vacib çıxış” anonsları adətən təsadüfi olmur. Vladimir Putin üçün 9 May həm simvolik, həm də siyasi baxımdan ən güclü tribunadır. Ona görə də çıxışın bir neçə paralel mesaj xətti üzərində qurulacağı gözlənilir: “Peskovun “çox vacib çıxış” vurğusu daha çox gözləntiləri yüksəltməyə xidmət edir. Putin 9 Mayda çıxışında daxildə birlik və səfərbərlik ruhunu möhkəmləndirəcək nitq söyləyəcək. Qərbə qarşı sərt mesajlar verəcək, müharibəni ideoloji çərçivəyə salacaq, amma dərhal ümumi səfərbərlik elan etməsi hazırkı şəraitdə aşağı ehtimallıdır. Putin çox güman ki, “müharibə artıq Qərblə geniş qarşıdurma mərhələsindədir” narrativini gücləndirəcək. Bu, cəmiyyətdə səfərbərlik psixologiyasını diri saxlamaq üçündür. Amma bu, avtomatik olaraq yeni ümumi səfərbərlik elan ediləcək demək deyil. Rusiya qismən səfərbərlikdən, müqaviləli hərbçilərdən və iqtisadiyyatın militarizasiyasından istifadə edir. Ümumi səfərbərlik isə daxildə sosial riskləri artıra bilər. Ona görə də Kreml bu günədək ümumi hərbi səfərbərlik qərarı verməyib. Kreml bu variantı ən sonda məcbur qalarsa seçəcək. Kreml adətən 9 May günü kimi platformalarda kəskin qərarları elan etməkdə ehtiyatlı olur, daha çox mesaj verir, zəmin hazırlayır”.

Ekspertin sözlərinə görə, ABŞ-nin İrana qarşı müharibədə istədiyini əldə edə bilməməsi və faktiki sanki çıxılmaz durumla üz-üzə qalması Putini ABŞ-nin üzərinə daha da sərt getməsini şərtləndirə bilər: “Eyni zamanda Qərbin Ukraynaya dəstəyinin müharibəni uzatdığı tezisinin vurğulanacağı gözlənilir. Putinin budəfəki 9 May niqtinin Qərbə qarşı daha kəskin ritorika ilə müşayiət olunacağı ehtimalı yüksəkdir”./musavat.com/

Bizim Telegram səhifəsinə abunə olun