Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin uzun illər boyu beynəlxalq və regional siyasi "tələyə" salındığını və suverenliyini itirmə təhlükəsi ilə üz-üzə qaldığını bəyan edib. O bildirib ki, 2018-ci ilə qədər mövcud olan ssenari Ermənistanın müstəqil dövlət kimi deyil, müxtəlif mərkəzlərdən "nəfəs almaq üçün icazə gözləyən" bir qurum kimi qalmasını nəzərdə tuturdu.
NOCOMMENT.az xəbər verir ki, Paşinyan Qarabağ məsələsinin hələ 1996-cı ilin Lissabon sammitində faktiki olaraq həll edildiyini, sonrakı bütün gecikdirmələrin isə Ermənistan dövlətçiliyinin qarşısını almağa yönəldiyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın "banan dövləti"nə çevrilməsi planı çərçivəsində ölkə daim müharibə vəziyyətində saxlanılıb və bu prosesin son həddi 2016-cı ilin aprel döyüşləri ilə elan edilib.
"Biz Ermənistanın bir tələyə düşdüyünü çox tez başa düşdük və vəzifəmiz ölkəni oradan çıxarmaq idi. Böyük itkilər və qurbanlar bahasına olsa da, biz Ermənistan dövlətçiliyini həmin tələdən xilas etdik. Qurbanların hədər olduğunu deyənlər anlamırlar ki, xilas edilən məhz Ermənistanın suverenliyidir", — deyə Baş nazir qeyd edib. Paşinyan əlavə edib ki, 2018-ci ilə qədər olan ssenariyə görə, Ermənistan suveren dövlət olmamalı idi və hazırkı hökumətin əsas uğuru bu gedişatı dəyişməkdir.
Əli Səfərli,
NOCOMMENT.az












