Bu gün səhər saatlarında İran tərəfindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvanın vurulması regionda ciddi narahatlıq yaradıb. Hadisə təkcə Azərbaycan üçün deyil, həm də bütün Cənubi Qafqaz və Yaxın Şərq üçün potensial təhlükəli geosiyasi proseslərin başlanğıcı kimi qiymətləndirilir.
Naxçıvanın hədəfə alınması xüsusi həssas məsələdir. Çünki bu muxtar respublika Azərbaycanın əsas ərazisindən ayrı yerləşsə də, Türkiyə ilə birbaşa sərhədə malikdir və strateji baxımdan son dərəcə önəmli mövqedədir. Regionun təhlükəsizlik arxitekturasında Naxçıvanın statusu uzun illərdir beynəlxalq müqavilələrlə müəyyən edilib.
Bu kontekstdə ən çox xatırlanan sənədlərdən biri 1921-ci ildə imzalanmış Qars müqaviləsidir. Həmin müqaviləyə görə Naxçıvan Azərbaycanın tərkibində muxtar ərazi kimi tanınır və bu statusun qorunmasında Türkiyə də tərəflərdən biri kimi çıxış edir. Bu səbəbdən Naxçıvana qarşı hər hansı hərbi təhdid Ankaranın diqqətindən kənarda qala bilməz.
Türkiyə son illərdə Azərbaycanla hərbi və strateji əməkdaşlığı ən yüksək səviyyəyə çatdırıb. “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan bu münasibətlər təkcə siyasi bəyanatlarla məhdudlaşmır. İki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi də qarşılıqlı təhlükəsizlik və hərbi əməkdaşlığı daha da gücləndirib. Bu baxımdan Naxçıvan istiqamətində baş verən hər hansı eskalasiya Ankara üçün birbaşa təhlükəsizlik məsələsinə çevrilə bilər.
Lakin daha böyük sual NATO faktorudur. Türkiyə Şimali Atlantika Alyansının üzvüdür və regionda baş verən hərbi gərginlik müəyyən hallarda NATO-nun diqqət mərkəzinə düşə bilər. Bununla belə, NATO-nun birbaşa müharibəyə daxil olması avtomatik baş verən proses deyil. Alyansın kollektiv müdafiə mexanizmi yalnız üzv dövlətin birbaşa hücuma məruz qalması halında işə düşür.
Bu səbəbdən Naxçıvana edilən hücum birbaşa NATO-nun müharibəyə qoşulacağı anlamına gəlmir. Lakin Türkiyənin təhlükəsizlik narahatlıqları və regiondakı hərbi balans məsələsi alyans daxilində ciddi müzakirələrə səbəb ola bilər. Ankara belə bir vəziyyətdə həm diplomatik, həm də hərbi-siyasi addımlar ata bilər.
Əli Səfərli,
NOCOMMENT.az












