Yaxın Şərqdə artan gərginlik fonunda Türkiyə istiqamətində yönələn raketin NATO-nun raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi beynəlxalq təhlükəsizlik gündəmini yenidən diqqət mərkəzinə gətirib. NATO-nun baş katibi Mark Rütte bildirib ki, alyans Türkiyənin təhlükəsizliyini tam şəkildə təmin edir və mövcud raketdən müdafiə sistemləri real vəziyyətdə effektiv işlədiyini sübut edib.
Mark Rütte NATO-nun bütün üzv ölkələrin ərazisini “360 dərəcə müdafiə prinsipi” əsasında qoruduğunu vurğulayıb. Onun sözlərinə görə, Türkiyə istiqamətində yönələn və ABŞ maraqlarına da təhlükə yarada biləcək raket barədə məlumat daxil olduqdan dərhal sonra NATO-nun raketdən müdafiə sistemləri aktivləşdirilib. Alyansın müdafiə mexanizmləri operativ şəkildə işə düşüb və raket havada məhv edilib.
NATO baş katibi bildirib ki, bu hadisə alyansın müdafiə sistemlərinin effektivliyini göstərən real nümunədir. O qeyd edib ki, NATO üzv dövlətlərin təhlükəsizliyini qorumaq üçün bütün imkanlarını səfərbər edib və yaranan hər hansı təhlükəyə dərhal cavab verməyə hazırdır. Rütte əlavə edib ki, müasir təhlükəsizlik şəraitində raket hücumlarına qarşı kollektiv müdafiə mexanizmlərinin işlək vəziyyətdə olması NATO üçün prioritet məsələlərdən biridir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, baş verən hadisə təkcə texniki müdafiə sisteminin uğurlu fəaliyyəti deyil, həm də regionda formalaşan yeni hərbi-siyasi reallığın göstəricisidir.
Onun sözlərinə görə, Yaxın Şərqdə İran, İsrail və ABŞ arasında artan gərginlik artıq region ölkələrinə birbaşa təsir etməyə başlayıb və Türkiyə də bu prosesin mərkəzində yerləşən ölkələrdən biridir:
“Türkiyə NATO üzvü olduğuna görə onun təhlükəsizliyi alyansın kollektiv müdafiə sisteminin bir hissəsi hesab olunur. Bu səbəbdən Türkiyə istiqamətində yönələn hər hansı raket və ya hərbi təhlükə NATO üçün də birbaşa məsələ kimi qiymətləndirilir. Ekspertin fikrincə, raketin operativ şəkildə zərərsizləşdirilməsi NATO-nun müdafiə mexanizmlərinin praktiki sınaqdan uğurla keçdiyini göstərir”.
Siyasi şərhçi hesab edir ki, hadisə regionda gərginliyin daha geniş coğrafiyaya yayılma ehtimalını da gündəmə gətirir:
“İran və İsrail arasında davam edən qarşıdurma artıq yalnız iki ölkə ilə məhdudlaşmır və digər dövlətlərin təhlükəsizliyinə də təsir edə biləcək səviyyəyə çatır. Belə vəziyyətdə Türkiyənin strateji mövqeyi və NATO üzvlüyü onu regiondakı təhlükəsizlik proseslərinin əsas iştirakçılarından birinə çevirir”.
Cavanşir Abbaslı vurğulayıb ki, NATO-nun “360 dərəcə müdafiə” prinsipi faktiki olaraq alyansın bütün istiqamətlərdən gələn təhlükələrə hazır olduğunu göstərir:
“Bu prinsip xüsusilə Yaxın Şərq və Qara dəniz regionu kimi geosiyasi baxımdan həssas ərazilərdə daha böyük əhəmiyyət kəsb edir. Ekspert hesab edir ki, belə hadisələr NATO-nun regionda hərbi mövcudluğunu və müdafiə imkanlarını daha da gücləndirməsinə səbəb ola bilər”.
Şərhçi əlavə edib ki, Türkiyəyə yönələn raketin zərərsizləşdirilməsi həm də siyasi mesaj xarakteri daşıyır:
“Bu hadisə göstərir ki, NATO üzv dövlətlərin təhlükəsizliyi üçün kollektiv müdafiə mexanizmi real vəziyyətdə işləyir və alyans istənilən təhlükəyə qarşı operativ reaksiya vermək imkanına malikdir”.
Cavanşir Abbaslı qeyd edib ki, qarşıdakı dövrdə Yaxın Şərqdəki hərbi-siyasi vəziyyətin necə inkişaf edəcəyi regionun təhlükəsizlik balansını müəyyənləşdirəcək.
“Əgər qarşıdurma daha da genişlənərsə, region ölkələrinin və beynəlxalq təşkilatların təhlükəsizlik strategiyasında yeni mərhələ başlaya bilər. Bu isə Türkiyə və NATO üçün həm yeni risklər, həm də yeni strateji qərarların qəbul olunmasını zəruri edə bilər”.
Tunar
NOCOMMENT.az












