Tanınmış azərbaycanlı vəkilin oğlu da HƏBS EDİLDİ - Rusiyada

Tanınmış azərbaycanlı vəkilin oğlu da HƏBS EDİLDİ - Rusiyada

Rusiya şou-biznesinin və səs-küylü məhkəmə proseslərinin qalmaqallı siması, tanınmış vəkil Elman Paşayevin ailəsində növbəti hüquqi böhran yaşanır. Vəkilin özünün həbsindən sonra, onun 26 yaşlı oğlu Elvin Paşayev də barmaqlıqlar arxasına göndərilib.

NOCOMMENT.az Rusiyanın "Mash" teleqram kanalına istinadən xəbər verir ki, Elvin Paşayev artıq bu ilin fevral ayından bəri xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə istintaq təcridxanasında saxlanılır.

Lakin məhkəmə materiallarından sızan gizli detallar işin əslində qorxulu cinayətlərlə bağlı olduğunu üzə çıxarıb. Məlum olub ki, Elvinin həbsinə səbəb olan cinayət işi hələ 2025-ci ilin oktyabrında — Moskvada mənzil sahiblərindən birinin qəfil yoxa çıxmasından sonra "qəsdən adam öldürmə" maddəsi ilə açılıb. Həmin mənzil isə hələ saxlanılmamışdan əvvəl ata Elman Paşayevin əlinə keçibmiş.

Cinayətin pərdəarxası: Doğranmış cəsəd və hərbi zonadakı sövdələşmə

İstintaqın məlumatına görə, 2024-cü ildə Ukraynadakı xüsusi hərbi əməliyyat zonasında olan böyük Paşayev ordudakı hərbçilərdən birinin adına Moskvada "problemli" mənzili rəsmiləşdirmək barədə sövdələşməyə girib. Sənədlərin arxasında isə "qara rieltorlar" şəbəkəsinin izi dayanıb – mənzilin əsl sahibi itkin düşüb və uzun müddət tapılmayıb.

Daha sonra digər fırıldaqlarına görə həbs olunan Elman Paşayev təcridxanada mənzilin əldən çıxacağından qorxaraq, həmin hərbçini əmlakı oğlu Elvinə ötürməyə razı salıb. Bir müddət sonra isə mənzilin əsl sahibinin vəhşicəsinə qətlə yetirilmiş və ilkin məlumata görə, hissələrə doğranmış (parçalanmış) cəsədi tapılıb. Mənzilin adına keçirildiyi hərbçi dərhal dindirilib və bununla da Paşayevin oğlu "qara rieltorlar" işi üzrə əməliyyat nəzarətinə götürülüb. Hazırda ona qarşı rəsmən dələduzluq ittihamı irəli sürülsə də, qətl işi ilə bağlı araşdırmalar davam edir. Jurnalistlər məsələ ilə bağlı gəncin anası Alyona ilə əlaqə saxlasalar da, o, şərh verməkdən qəti şəkildə imtina edib.

Paşayevlərin şirkətlərinin hesabları donduruldu

Bu cinayət işi fonunda Elvin Paşayevin biznes imperiyası da çöküb. Hələ 2024-cü ilin noyabrında onun bank hesabları bloklanıb. Hazırda ona məxsus "Elman Qrup" hüquq şirkətinin vergi borcları yaranıb və hesabı dondurulub. Eyni zamanda, atası ilə ortaq olduğu "Paşayev Fond" şirkətinin də bəyannamə təqdim etmədiyi üçün bütün maliyyə əməliyyatları dayandırılıb.

Xatırladaq ki, vəkil Elman Paşayevin özü hazırda Donetskdə mühakimə olunur. O, səs-küylü cinayət işlərini "həll etmək" adı ilə insanlardan milyonlarla pul almaqda, lakin faktiki olaraq heç bir iş görməməkdə ittiham edilir.