Fransa və Ermənistan arasında hərbi-texniki əməkdaşlığın daxili siyasi xaos fonunda daha da intensivləşdiyi bir vaxtda, Ermənistanın müdafiə naziri Parisə növbəti səfərini reallaşdırıb. Nazir Suren Papikyan Fransanın paytaxtında keçirilən "Eurosatory 2026" beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılış mərasiminə qatılıb.
NOCOMMENT.az xaric mətbuata istinadən xəbər verir ki, "Eurosatory" quru qoşunları, eləcə də hava-quru müdafiəsi və təhlükəsizliyi məsələlərinə həsr olunmuş dünyanın ən böyük beynəlxalq hərbi sərgisi hesab olunur. Sözügedən genişmiqyaslı tədbir Fransa Silahlı Qüvvələr Nazirliyinin birbaşa himayəsi altında "COGES" şirkəti tərəfindən təşkil edilir.
Sərgi çərçivəsində qlobal hərbi sənayenin ən son hərbi texnologiyaları, müasir silah nümunələri, zirehli texnikalar, artilleriya sistemləri, hücum və kəşfiyyat pilotsuz uçuş aparatları (PUA), hava hücumundan müdafiə (HHM) vasitələri, rabitə sistemləri, hərbi robototexnika, həmçinin kibertəhlükəsizlik texnologiyaları və fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulmuş xüsusi avadanlıqlar nümayiş etdirilir.
Ermənistan hərbi rəhbərliyinin İrəvandakı daxili gərginliyə baxmayaraq bu sərgiyə qatılması və xüsusilə Fransa hərbi sənayesinin yeni məhsulları ilə yaxından maraqlanması diqqətdən qaçmayıb. Məlumata görə, Suren Papikyanın sərgi çərçivəsində aparıcı müdafiə şirkətlərinin rəhbərləri ilə Ermənistana yeni növ öldürücü silahların, o cümlədən hava hücumundan müdafiə və raket sistemlərinin tədarükünə dair pərdəarxası danışıqlar aparacağı gözlənilir.
Sara,
NOCOMMENT.az











