ABŞ administrasiyası Rusiyaya qarşı nəzərdə tutulan və Konqresə təqdim edilmiş "cəhənnəm sanksiyaları"nın dolların beynəlxalq hesablaşmalardakı əsas valyuta rolunu ciddi şəkildə sarsıda biləcəyindən ehtiyat edir.
NOCOMMENT.az xəbər verir ki, "The New York Times" qəzetinin dərc etdiyi məqalədə rəhmətlik senator Lindsi Qrem tərəfindən təklif edilmiş sanksiyalar paketindən bəhs edilir. Həmin sənəd Rusiya enerji daşıyıcılarını alan ölkələrə qarşı 100% rüsumların tətbiqini nəzərdə tutur.
Ağ Evdə bu sanksiyaların əks-təsir verəcəyindən qorxurlar. Məqalədə qeyd olunur ki, Vaşinqton dolları və sanksiyaları geosiyasi təzyiq aləti kimi nə qədər aktiv istifadə edərsə, digər ölkələr də ondan bir o qədər uzaqlaşmağa çalışacaq, nəticədə Çin yuanına, kriptovalyutalara və alternativ ödəniş sistemlərinə keçid sürətlənəcək.
"NYT" Milli İqtisadi Araşdırmalar Bürosunun analitik qeydinə istinad edərək Belarus, Qırğızıstan, Myanma və Rusiyanı nümunə göstərir. Araşdırmaya görə, ciddi Qərb sanksiyalarına məruz qalan ölkələr hesablaşmalarda yuanı istifadə etməyə daha çox meyllidirlər. Bu tendensiya dolların dünya ticarətindəki mövqeyinə zərər vura və Çinin mövqeyini gücləndirə bilər.
Məqalədə maliyyə naziri Skott Bessentin fikirlərinə də yer verilib. O hesab edir ki, aydın müddətləri olan nöqtəvi sanksiyalar daha effektivdir, illərlə nəticə verməyən sanksiyalar isə gözlənilməz uzunmüddətli fəsadlar yarada bilər. Bessent həmçinin dolların dünya hesablaşma sistemindəki dominantlığının ABŞ üçün həlledici əhəmiyyət kəsb etdiyini vurğulayır.
Əli SƏFƏRLİ,
NOCOMMENT.AZ












