Cənubi Qafqazda onilliklərdir davam edən geosiyasi təcrid və blokada mühitini tamamilə ortadan qaldıracaq, regionun iqtisadi-logistik xəritəsini yenidən formalaşdıracaq tarixi gəlişmələrin anonsu verilib. Türkiyə ilə Ermənistan arasında uzun müddətdir pərdəarxası və rəsmi xüsusi nümayəndələr səviyyəsində aparılan normallaşma prosesi artıq praktiki müstəviyə keçir. Türkiyənin nüfuzlu “Yeni Şafak" qəzetinin yaydığı məlumata görə, Ankara və İrəvan bu yay quru sərhədlərini rəsmən açmaq niyyətindədir. Nəşr qeyd edir ki, tərəflərin hazırladığı yol xəritəsinə əsasən, ilk mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Əlican (İğdır) sərhəd-keçid məntəqəsinin, dərhal ardınca isə Akyaka (Qars) sərhəd qapısının açılması planlaşdırılır.
Sərhədlərin fiziki olaraq açılması hər iki dövlət arasında birbaşa quru və dəmir yolu əlaqələrinin bərpasına, habelə rəsmi ticarət dövriyyəsinin kəskin artmasına xidmət edəcək. Hazırda Gürcüstan üzərindən dolayısı ilə həyata keçirilən və cəmi 300-350 milyon dollar təşkil edən qarşılıqlı ticarət həcminin sərhədlərin açılmasından dərhal sonra qısa müddətdə 1 milyard dollara çatdırılması hədəflənir. Bu strateji addım Cənubi Qafqazı Avropa, Orta Asiya və Yaxın Şərq bazarları ilə birləşdirən nəhəng logistik qovşağa çevirməklə yanaşı, ABŞ-ın birbaşa patronajlıq etdiyi qlobal TRIPP (Tramp marşrutu) layihəsinin də coğrafi təməlini qoyur.
Bu böyük regional inteqrasiya planının fonunda Ermənistan hökuməti Türkiyə ərazisindən istifadə etməklə Yaxın Şərqdə müharibədən zərər çəkmiş Livana humanitar yardım göndərmək barədə qərar qəbul edib. Rəsmi razılaşmaya əsasən, Ermənistan-Türkiyə sərhədində yerləşən, son aylarda tamamilə modernləşdirilən və rəqəmsallaşdırılan “Marqara” keçid məntəqəsi məhz bu humanitar yüklərin keçidi üçün 12-22 iyun tarixlərində müvəqqəti olaraq fəaliyyətə başlayacaq. Eyni formatlı addım ötən il Suriyada baş verən dəhşətli zəlzələ zamanı da atılmış və Ankara erməni karvanlarına yaşıl işıq yandırmışdı. Sərhəd qapılarının bu yay kütləvi gediş-gəliş üçün tamamilə açılması perspektivi və bunun Bakı ilə İrəvan arasında imzalanacaq yekun sülh müqaviləsinə birbaşa təsiri beynəlxalq analitika mərkəzlərində ciddi suallar doğurur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əkbər Əlioğlu qeyd edib ki, Türkiyə və Ermənistan arasında quru sərhədlərinin açılması və "Marqara" qapısının 12-22 iyun tarixlərində humanitar missiya üçün işə düşməsi, regionda ABŞ və Qərbin birbaşa vasitəçiliyi ilə qurulan yeni təhlükəsizlik arxitekturasının vizual təzahürüdür: "Ankara ilə İrəvanın bu yay sərhədləri tam açmaq planı Ermənistanda baş tutan 7 iyun seçkilərinin nəticələrindən birbaşa asılı idi. Nikol Paşinyanın pro-rus və revanşist qüvvələri darmadağın edərək mütləq parlament üstünlüyünü qoruması, Türkiyəyə Ermənistanın etibarlı və rasional tərəfdaş kimi sülh prosesini axıra qədər apara biləcəyinə dair güclü bir mesaj verdi. Ankara çox yaxşı anlayır ki, sərhədlərin açılması və ticarətin 1 milyard dollara çatdırılması Ermənistanı Rusiyanın iqtisadi asılılığından və qaz şantajından birdəfəlik qurtarmaq, onu Türkiyə vasitəsilə Qərb sisteminə inteqrasiya etmək üçün ən unikal iqtisadi rıçaqdır".
Siyasi şərhçinin sözlərinə görə, Türkiyə sərhədlərinin açılması ilə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi bir-biri ilə tam koordinasiyalı şəkildə inkişaf edən paralel proseslərdir: "Azərbaycan və Türkiyə xarici siyasətdə 'bir millət, iki dövlət' prinsipi ilə tam sinxron hərəkət edir. Ankaranın bu yay quru sərhədlərini rəsmən açacağını bəyan etməsi, əslində pərdəarxasında Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətninin tamamilə yekunlaşdığına və Paşinyanın yaxın aylarda konstitusiya referendumuna getmək barədə qəti öhdəlik götürdüyünə dair dolayısı bir sübutdur. Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi sülh sazişindən öncə də Ermənistanla diplomatik və siyasi təmasların qurulmasının, sərhədlərin delimitasiyasının davam etdirilməsinin mümkünlüyü ilə bağlı yürütdüyü çevik diplomatiya Ankaranın əlini sərbəst buraxıb. Digər tərəfdən, sərhədlərin açılması Zəngəzur dəhlizinin açılması prosesini də sürətləndirəcək. Qars-İğdır-Naxçıvan-Zəngəzur-Bakı logistik dəhlizinin işə düşməsi ilə Türkiyə öz quru sərhədlərini Ermənistan üzərindən həm də birbaşa Azərbaycana bağlamış olacaq. Bu baxımdan, bu yay regionda həm Türkiyə-Ermənistan sərhədlərinin açılacağı, həm də Bakı ilə İrəvan arasında tarixi çərçivə sazişinin imzalanacağı olduqca real və qaçılmazdır; Kreml daxildə xaos yaratmağa cəhd etsə də, formalaşan bu nəhəng regional ticarət və sülh koalisiyası qarşısında geri çəkilmək məcburiyyətində qalacaq".
Tunar











