Son günlər Gəncə şəhəri və Samux rayonunda keçirilən yas mərasimləri zamanı ard-arda qeydə alınan və onlarla insanın xəstəxanalara yerləşdirilməsi ilə nəticələnən kütləvi qida zəhərlənməsi hadisələri ölkədə qida təhlükəsizliyi məsələsini yenidən ən aktual mövzuya çevirib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) dərhal başlatdığı epidemioloji araşdırmalar nəticəsində iyulun 12-də Gəncədə 7 nəfərin, iyulun 14-də yenə eyni şəhərdə daha 3 nəfərin və iyulun 15-də Samux rayonunda 12 nəfərin zəhərlənməsinə səbəb olan ortaq risk faktoru müəyyən edilib.
İlkin təhlillər göstərir ki, hər üç fərqli mərasimdə qonaqlara təqdim olunan qida məhsulları arasında zəhərlənməyə birbaşa yol açan ortaq element məhz ev şəraitində, qeyri-qanuni və antisanitar mühitdə hazırlanan lavaşlar olub. Dövlət qurumunun qanunsuz istehsal olunan bu çörək məhsullarından laborator nümunələr götürməsi və vətəndaşları mənşəyi məlum olmayan məhsullardan uzaq durmağa çağırması məişət səviyyəsində qida istehsalına nəzarətin gücləndirilməsi zərurətini ortaya qoyur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan qida eksperti İsa Əliyev qeyd edib ki, ev şəraitində qeyri-qanuni hazırlanan un məmulatları, xüsusən də nəm və isti mühitdə saxlanılan lavaşlar çox qısa müddətdə təhlükəli mikroorqanizmlərin yuvasına çevrilir: "Bir çox vətəndaşımız elə düşünür ki, çörək və lavaş kimi bişmiş məhsullardan zəhərlənmək mümkün deyil, lakin bu, tamamilə yanlış yanaşmadır. Xüsusilə yay aylarında ev şəraitində, lazımi gigiyena qaydalarına riayət edilmədən hazırlanan və hava keçirməyən sellofon torbalarda isti-isti paketlənən lavaşlarda 'Bacillus cereus' kimi toksin istehsal edən bakteriyalar və kif göbələkləri sürətlə çoxalır. Yas mərasimlərində böyük həcmdə qidaların saxlanma şəraitinin bərbad olması və bu lavaşların saatlarla nəm və isti yerdə qalması zəhərlənmə riskini pik həddə çatdırıb. AQTA-nın apardığı ilkin araşdırma bir daha sübut edir ki, dövlət qeydiyyatı və sanitar nəzarəti olmayan heç bir iaşə və ya fərdi istehsal sahəsindən qida məhsulu almaq olmaz, çünki bu, birbaşa insan həyatını təhlükəyə atmaq deməkdir".
Onun sözlərinə görə, bölgələrdə qeyri-qanuni şəkildə evlərdə bişirilib mağazalara və mərasim evlərinə paylanılan qida məhsullarının satış şəbəkəsinə ciddi nəzarət mexanizmi yaradılmalıdır: "Yalnız qanunsuz sexlərin fəaliyyətini dayandırmaqla iş bitmir, eyni zamanda bu cür mənşəyi naməlum məhsulları qəbul edib istehlakçıya təqdim edən ticarət nöqtələri və mərasim təşkilatçıları da birbaşa məsuliyyət daşımalıdırlar. Laborator müayinələrin yekun nəticələri hələ açıqlanmasa da, zəhərlənən 22 vətəndaşımızın dərhal xəstəxanalara yerləşdirilməsi məsələnin nə dərəcədə kritik olduğunu göstərir. Biz cəmiyyət olaraq anlamalıyıq ki, ucuz və ya 'əl işidir' deyə mənşəyi, istehsal tarixi və tərkibi bəlli olmayan qidaları süfrəmizə qoymaqla özümüzü və yaxınlarımızı ölümcül toksikoinfeksiyaların hədəfinə çeviririk. AQTA-nın tövsiyələrinə ciddi əməl olunmalı, qeydiyyatsız istehsalat zəncirlərinə qarşı inzibati cəza tədbirləri ən sərt şəkildə gücləndirilməlidir".
Tunar,
NOCOMMENT.az











