Türkiyənin İğdır şəhərində yaşayan Azərbaycan vətəndaşı Sona Tunçer uzun illər qoyun saxladığı tövləni qaz təsərrüfatına çevirərək istehsala başlayıb.
NOCOMMENT.az xəbər verir ki, təxminən 25 ildir İğdırda yaşayan, 5 uşaq anası olan Sona Tunçer məqsədinin müasir qaz ferması quraraq həm ailə büdcəsinə töhfə vermək, həm də ətrafdakı insanlara iş imkanı yaratmaq olduğunu bildirib.
Onun sözlərinə görə, ailəsi ilə birlikdə hər il yay aylarında Qars və Ərdəhana çobanlıq etməyə gedərkən qaz yetişdiriciliyini görüb və bu sahəyə maraq göstərib.
“İlk olaraq bir neçə qazla başladım. Sonra hər il sayını artırdıq. Bu il isə planlaşdırdığımız sayda quş saxlayırıq və artıq məhsul əldə etməyə başlamışıq. Əvvəllər qoyun saxladığımız tövləni qaz təsərrüfatına uyğunlaşdırdıq. Hədəfimiz buranı müasir fermaya çevirməkdir”, – deyə o qeyd edib.
Tunçer gələcəkdə hər il minlərlə qaz yetişdirməyi və bununla həm ailə gəlirlərini artırmağı, həm də qonşuları üçün yeni iş yerləri yaratmağı planlaşdırdığını bildirib.
Hazırda ona ən böyük dəstəyi 15 yaşlı oğlu Erhan göstərir. O, məktəb tətili dövründə anasına kömək etdiyini, qazları yemləyib otlağa apardığını deyib.
Ailənin başçısı Abdülməcid Tunçer də əvvəllər Qars və Ərdəhanda çobanlıq etdiklərini, qaz yetişdiriciliyinə də məhz orada maraq göstərdiklərini bildirib.
Onun sözlərinə görə, qoyunlarını sataraq qazçılığa başlayıblar. Mövcud tövlənin kifayət qədər uyğun olmaması səbəbindən müəyyən itkilər yaşadıqlarını deyən Abdülməcitd Tunçer dövlət dəstəyi və güzəştli kredit veriləcəyi təqdirdə daha müasir şəraitdə fəaliyyət göstərmək istədiklərini vurğulayıb.
Ailə gələcəkdə hər il 1-2 min qaz yetişdirməyi, istehsalı genişləndirərək yeni iş yerləri yaratmağı hədəfləyir.










