İspaniyanın Sevilya şəhəri yaxınlığında su borusu xəttinin çəkilişi zamanı aparılan qazıntı işləri gözlənilməz tarixi kəşflə nəticələnib. Bələdiyyə işçiləri təsadüfən Roma imperiyası dövrünə aid minlərlə qədim sikkə aşkar ediblər.
NOCOMMENT.az xəbər verir ki, Sevilya əyalətinin Tomares qəsəbəsində yerləşən “El Olivar del Zaudín” parkında təxminən bir metr dərinlikdə aparılan qazıntı zamanı ekskavator yerin altında sərt cisimlərə toxunub. İşlər dayandırıldıqdan sonra ərazidə aparılan araşdırma zamanı yan-yana və üst-üstə yerləşdirilmiş çoxsaylı qədim amforalar aşkarlanıb.
Məlumata görə, qazıntı zamanı 10 amfora zədələnsə də, 9-u salamat vəziyyətdə torpaqdan çıxarılıb. Zədələnmiş amforaların içərisindən minlərlə qədim sikkə əldə olunub və onlar araşdırma üçün Sevilya Arxeologiya Muzeyinə aparılıb.
Muzeyin direktoru Ana Navarronun sözlərinə görə, tapılan sikkələr gümüş örtüklü bürünc “follis” tipli pullardır və eramızın 290-310-cu illərinə aiddir. Sikkələrin üzərində Roma imperatorları I Konstantin və Qalerinin təsvirləri, eləcə də dövrün rəsmi zərbxana nişanları yer alır.
Mütəxəssislər bildiriblər ki, sikkələr demək olar ki, dövriyyədə istifadə edilməyib və ilk zərb edildiyi gündəki görünüşünü qoruyub saxlayıb.
Arxeoloqların qənaətinə görə, adətən zeytun yağı daşınması üçün istifadə olunan amforalar bu dəfə xəzinə sandığı kimi istifadə edilib. Kərpic və məhlulla gizlədilmiş xüsusi bölmədə saxlanılan sikkələrin hərbi qarnizona və ya vergi toplama məntəqəsinə aid olduğu ehtimal edilir.
Tarixçilər hesab edirlər ki, pullar Roma əsgərlərinin maaşlarının ödənilməsi və ya toplanan vergilərin imperiyanın mərkəzinə göndərilməsi məqsədilə saxlanılıb. Lakin ehtimal olunan hücum və ya daxili qarışıqlıq səbəbindən xəzinə torpağa basdırılıb.
Təxminən 600 kiloqram ağırlığında və 50 mindən çox olduğu bildirilən sikkələrin bərpası, təmizlənməsi və kataloqlaşdırılması işləri hazırda Sevilya Arxeologiya Muzeyində davam etdirilir.
Sara,
NOCOMMENT.az










