Kremlin Zəngəzur planı iflas etdi: Bundan sonra...

Kremlin Zəngəzur planı iflas etdi: Bundan sonra...

Ermənistan hökumətinin ABŞ ilə TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında imzalanmış çərçivə sazişinin ratifikasiyasını rəsmən təsdiqləməsi Cənubi Qafqazın geosiyasi xəritəsində kartların yenidən paylanmasından və Moskvaya qarşı növbəti sarsıdıcı zərbədən xəbər verir.

Vaşinqton və İrəvanda ardıcıl olaraq imzalanan bu tarixi sənəd, Ermənistanın Konstitusiya Məhkəməsinin müsbət rəyindən sonra parlamentin təsdiqinə yönəldiləcək ki, bu da regionda kommunikasiyaların açılması prosesində Qərbin birbaşa dominantlığını təmin edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın prosesin yekunlaşması üçün daha iki strateji sənədin də imzalanacağını bəyan etməsi İrəvanın geri dönüşü olmayan bir yola girdiyini göstərir. Rusiyanın isə mütəmadi olaraq Zəngəzur dəhlizinin keçdiyi ərazilərdə öz sərhədçilərinin və hərbçilərinin olduğunu xatırladaraq İrəvanı hədələməsinə rəğmən, bu hüquqi və iqtisadi addım Kremlin regional nəzarət rıçaqlarını faktiki olaraq sıfırlayır və strateji marşrutların taleyini rəsmən dəyişdirir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, İrəvanın ABŞ ilə belə bir strateji sazişə qol çəkməsi Kremlin Cənubi Qafqazdakı əsas təsir rıçaqlarından birini, xüsusən də kommunikasiyalar üzərindəki gələcək nəzarət mexanizmini tamamilə itirməsi deməkdir: "Rusiya uzun müddətdir ki, 10 noyabr bəyanatının müddəalarına istinad edərək Zəngəzur dəhlizində təhlükəsizliyin və nəzarətin məhz onun Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhədçiləri tərəfindən həyata keçirilməsini tələb edirdi. Lakin Ermənistanın ABŞ ilə bu çərçivə sazişini təsdiqləməsi Kremlin bütün bu planlarına soyuq duş effekti verdi. Vaşinqton bu layihəyə daxil olmaqla marşrutun təhlükəsizliyini, idarəedilməsini və hüquqi statusunu birbaşa öz nəzarəti altına alır. Rəsmi Moskva bəyanatlarla və təhdidlərlə prosesi dayandırmağa çalışsa da, Ermənistan rəhbərliyinin sazişi ratifikasiyaya göndərməsi artıq Rusiyanın bölgədəki iqtisadi-siyasi maraqlarının növbəti iflasıdır. Zəngəzur dəhlizinin gələcək idarəçiliyi geosiyasi baxımdan artıq Kremlin əlindən çıxıb və burada Qərbin təhlükəsizlik arxitekturası bərqərar olunmaqdadır".

Onun sözlərinə görə, Rusiyanın hərbi rıçaqlarından istifadə edərək prosesə fiziki müdaxilə etmək imkanları hələ tam tükənməsə də, hüquqi və siyasi müstəvidə Moskvanın manevr sahəsi maksimum dərəcədə daralıb: "Rusiya hərbçilərinin həmin ərazilərdə fiziki olaraq mövcudluğu təbii ki, İrəvan üçün müəyyən təzyiq və təhdid elementi olaraq qalır. Lakin ABŞ-ın bu prosesdə rəsmi tərəfdaş kimi çıxış etməsi və TRIPP layihəsinin reallaşdırılması artıq hər hansı bir regional deyil, qlobal güc balansının bərqərar olması deməkdir. Rusiya artıq Ermənistana qarşı birtərəfli qaydada sərt güc tətbiq edə bilməz, çünki qarşısında birbaşa Vaşinqtonun hüquqi və strateji çətirini görəcək. Səhmdarlar arasında imzalanacaq növbəti sazişlər dəhliz idarəçiliyində Rusiyanı tamamilə oyundankənar vəziyyətə salacaq. Kreml bu reallıqla barışmaq məcburiyyətindədir, çünki Ermənistanın Qərbə doğru bu qətiyyətli addımı regionda Rusiyanın diktə dövrünün rəsmən başa çatdığını bəyan edir".

Tunar,
NOCOMMENT.az