Son vaxtlar Bakı və Abşeron yarımadasında havaların qeyri-sabit keçməsi, xüsusilə də yağıntıların intensivləşməsi təbiətdə gözlənilməz canlanmaya səbəb olub. Bu canlanma isə paytaxt sakinləri, xüsusən də bağ evlərində və dənizkənarı ərazilərdə yaşayanlar üçün ciddi təşviş mənbəyinə çevrilib.
Havaların isinməsi ilə bərabər, sürünənlərin, xüsusilə də ilanların aktivlik dövrünün builki qrafiki əvvəlki illərdən kəskin şəkildə fərqlənir. Əgər əvvəllər bu təhlükə may ayının sonlarında özünü büruzə verirdisə, builki mənzərə mart ayından etibarən həyəcan siqnallarının çalınmasına səbəb olub. Təbiət hadisələrinin zəncirvari təsiri nəticəsində yuvaları su ilə dolan sürünənlər daha təhlükəsiz və quru yerlər axtarışında yaşayış məntəqələrinə, insanların sıx olduğu bağ massivlərinə üz tuturlar. Statistik rəqəmlər də vəziyyətin ciddiliyindən xəbər verir; müraciətlərin kəskin artması və hər beş faktın dördündə real təhlükənin təsdiqlənməsi Bakı ətrafında "ilan mövsümü"nün builki miqyasını kifayət qədər böyüdür. Sakinlər arasında yaranan narahatlıq fonunda mütəxəssislərin xəbərdarlıqları və maarifləndirmə işləri artıq bir zərurətə çevrilmişdir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan serpentoloq Anar Cəfərov bildirib ki, builki iqlim dəyişiklikləri ilanların davranış modelini tamamilə dəyişib: “Bu il ilanlarla bağlı müraciətlər əvvəlki illərlə müqayisədə çox erkən başlayıb. Əgər keçmiş illərdə biz bu cür çağırışları may ayının sonu, iyunun əvvəli alırdıqsa, artıq mart ayından etibarən intensiv zənglər daxil olur. Xüsusilə Mərdəkan, Şüvalan və Nardaran kimi bağ massivlərində aktivlik pik həddədir. Əvvəllər bu ərazilərdə əsasən zəhərsiz növlərə rast gəlinirdi, lakin bu il həm say artımı var, həm də növlərin coğrafiyası genişlənib. Yağıntıların çox olması ilanların təbii yuvalarını sıradan çıxardığı üçün onlar yaşayış zonalarına, həyətlərə və zirzəmilərə daha çox daxil olurlar”.
Onun sözlərinə görə, vətəndaşlar ilan gördükdə ilk növbədə təşvişə düşməməli və onun zəhərli olub-olmadığını müəyyən etməyə çalışmalıdırlar: “Azərbaycanda mövcud olan 28 sürünən növündən yalnız 6-sı zəhərlidir. İlanı ayırd etməyin ən sadə yollarından biri onun göz bəbəyinə diqqət yetirməkdir. Zəhərli ilanların göz bəbəyi pişikdə olduğu kimi şaquli formadadır, bədən quruluşları isə daha kobud, quyruq hissələri qəfil incələn olur. Zəhərsiz ilanlarda isə göz bəbəkləri dairəvi, baş forması isə oval olur, bədənindən kəskin ayrılmır. Daxil olan müraciətlərin 80 faizində ilan faktının təsdiqlənməsi göstərir ki, insanlar bu mövsümdə bağ işləri görərkən və ya gəzinti zamanı maksimum ehtiyatlı olmalı, şübhəli məqamlarda dərhal mütəxəssislərə müraciət etməlidirlər”.
Tunar,












