“Şapka Mamed” ətrafında 100 milyonluq kredit qalmaqalı: Sabiq şefin gizli imperiyası niyə illərlə toxunulmaz qalıb?

“Şapka Mamed” ətrafında 100 milyonluq kredit qalmaqalı: Sabiq şefin gizli imperiyası niyə illərlə toxunulmaz qalıb?

Azərbaycanın bank-maliyyə və sahibkarlıq sektorunda illər boyu əsas söz sahiblərindən biri olmuş, cəmiyyətdə daha çox “Şapka Mamed” ləqəbi ilə tanınan Məmməd Musayevin ətrafındakı hüquq çəmbəri sürətlə daralır.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi silsilə əməliyyatlar nəticəsində dövlətə məxsus “Aqrarkredit” QSC BOKT-un sabiq rəhbərinin uzun illər qurduğu kölgə maliyyə sxemləri və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktları üzə çıxıb. 2001-ci ildən 2025-ci ilə qədər – tam 24 il ərzində “Aqrarkredit”ə rəhbərlik edən, eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti kimi fəaliyyət göstərən Məmməd Musayevin dövründə kənd təsərrüfatına dəstək adı altında ayrılan 100 milyon manatdan artıq kreditin aqrar sektora deyil, məhz mütəşəkkil dəstənin şəxsi biznes maraqlarına xərcləndiyi müəyyən edilib.

İstintaq materiallarına əsasən, həbs edilən şəxslər arasında Məmməd Musayevin qardaşı oğlu, “Şurabad broyler” MMC-nin direktoru Tofiq Musayev, Sahibkarlar Konfederasiyasındakı müavini, “Salyansüd” MMC-nin təmsilçisi Fazil Rüstəmov və digər yaxın adamları yer alıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılaraq 4 aylıq həbs qətimkan tədbiri seçilib. Lakin qalmaqal təkcə kənd təsərrüfatı kreditləri ilə məhdudlaşmır; 2014-cü ildəki "Beynəlxalq Bank" böhranından sonra müflis olan "Azərinşaatservis" MMC-nin əmlaklarının, o cümlədən Binəqədi rayonundakı 3.5 hektarlıq 30-35 milyon manatlıq torpaq sahəsinin qeyri-iş günündə keçirilən gizli hərraclarla payi-mal edilməsi və 49 payçının aldadılması da bu cinayət imperiyasının digər qaranlıq səhifələrini təşkil edir.

Ən çox sual doğuran və cəmiyyəti narahat edən əsas məqam isə odur ki, dövlət vəsaitlərini idarə edən belə nəhəng bir qurumda 100 milyon manatlıq maxinasiya niyə məhz indi – illər keçdikdən sonra üzə çıxıb və yoxlayıcı orqanlar bu müddət ərzində hansı səbəbdən göz yumublar?

Qanunvericiliyə görə, dövlət büdcəsindən və ya dövlət zəmanətli vəsaitlərdən istifadə edən qurumlar mütəmadi olaraq Hesablama Palatası, maliyyə-nəzarət strukturları və aidiyyəti dövlət qurumları tərəfindən ciddi audit yoxlamalarından keçməlidirlər. Lakin illər boyu bu milyonların aşkarlanmamasının arxasında həm himayədarlıq mexanizmləri, həm də yoxlamaların formal xarakter daşıması dayanır. Məmməd Musayevin rəhbərlik etdiyi dövrdə maliyyə sistemində mövcud olan qapalı idarəetmə və yüksək səviyyəli himayədar əlaqələr bu cür korrupsiya sxemlərinin üzə çıxmasına imkan verməyib. Hesablama Palatasının və ya digər nəzarət qurumlarının apardığı auditlərin ya ümumiyyətlə dərinə enmədiyi, ya da təqdim edilən saxta hesabatlarla kifayətləndiyi açıq-aşkar görünür. Bu baxımdan, əsas məsuliyyəti təkcə birbaşa mənimsəməni həyata keçirənlər deyil, həm də illər ərzində bu qanunsuzluqlara göz yuman, nəzarət funksiyasını formal yerinə yetirən yoxlayıcı və nəzarət orqanlarının məsul şəxsləri daşıyırlar.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, Məmməd Musayevin uzun illərdir həm dövlət qurumuna rəhbərlik edib, həm də faktiki olaraq "Turanbank" kimi maliyyə strukturlarına nəzarət etməsi bank sistemində ciddi qanun pozuntularına zəmin yaradıb: "Mən illərdir Məmməd Musayevin fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirmişəm, çünki eyni şəxsin həm dövlətə məxsus 'Aqrarkredit'ə başçılıq etməsi, həm də mətbuatda 'Turanbank'ın faktiki sahibi kimi tanınması açıq-aşkar maraqlar münaqişəsi və nəzarətsizlik mühiti yaradırdı. Hazırda müdafiəsini həyata keçirdiyim bir əmanətçi ilə bağlı məhkəmə çəkişməsində də görürük ki, 'Turanbank' vətəndaşın əmanətini qaytardığını iddia etsə də, bunu təsdiqləyən hər hansı rəsmi sənəd təqdim edə bilmir. Son illər bank sisteminin və əmanətlərin etibarlılığına bu bank qədər kölgə salan başqa bir qurum olmamışdır və hüquq-mühafizə orqanları 'Aqrarkredit'lə yanaşı 'Turanbank'da da genişmiqyaslı yoxlamalar aparmalıdırlar".

Onun sözlərinə görə, dövlət vəsaitlərinin və vətəndaşların əmanətlərinin bu cür qaranlıq sxemlərlə mənimsənilməsi cəmiyyətdə maliyyə institutlarına olan etimadı sarsıdır və bütün bu maxinasiyaların arxasında dayanan şəxslər qanun qarşısında tam cavab verməlidirlər: "Əgər bank əmanətin qaytarıldığını sübut edə bilmirsə, deməli, orada daha ciddi və sistemli maliyyə pozuntuları mövcuddur və bu məsələlərin 'Aqrarkredit' işi ilə əlaqələri dərindən araşdırılmalıdır. Xüsusilə, 100 milyon manat kimi nəhəng bir vəsaitin illər ərzində dövlət auditindən və nəzarətdən necə yayınması məsələsi xüsusi araşdırma tələb edir. Normalda Hesablama Palatası və digər aidiyyəti qurumlar bu cür külli miqdarda vəsaitin təyinatı üzrə xərclənmədiyini dərhal görməli idilər. Lakin təəssüf ki, illər boyu yoxlayıcı orqanların məsuliyyətsizliyi, bəzi hallarda isə yuxarı dairələrdəki güclü himayədarlıq səbəbindən bu qanunsuzluqların üstü örtülüb. İndi isə hüquq-mühafizə orqanlarının başladığı bu əməliyyat təkcə Məmməd Musayevi deyil, həm də illər ərzində bu korrupsiya şəbəkəsinə göz yuman, şərait yaradan bütün strukturların və vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını qaçılmaz edir".

Tunar,
NOCOMMENT.az