Kirayə mənzillərlə bağlı qaydalar sərtləşdirilir — Açıqlama

Kirayə mənzillərlə bağlı qaydalar sərtləşdirilir — Açıqlama

Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalara nəzarətin gücləndirilməsi yenidən gündəmə gəlib. Bildirilir ki, kirayə münasibətlərinin rəsmi müqavilə əsasında rəsmiləşdirilməməsi hallarında tətbiq olunan cərimələr artırılır. Əvvəllər daha aşağı məbləğ nəzərdə tutulurdusa, yeni dəyişikliklərlə cərimənin 300 manata qədər yüksələ biləcəyi qeyd olunur. Mütəxəssislər hesab edir ki, bu addım həm kirayə bazarının şəffaflaşdırılması, həm də tərəflərin hüquqlarının qorunması məqsədi daşıyır. Bununla yanaşı, bəzi vətəndaşlar prosedurlar və məsuliyyətlə bağlı sualların hələ də tam aydın olmadığını deyirlər.

NOCOMMENT.az xəbər verir ki, vəkil Vamiq Şükürov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda kirayə münasibətlərinin müqavilə əsasında rəsmiləşdirilməsi qanunvericiliyin tələbidir:

“Bu, həm ev sahibinin, həm də kirayəçinin hüquqlarının qorunmasına xidmət edir. Yeni yanaşmanın əsas məqsədi kirayə bazarında şəffaflığı artırmaq, vergi uçotunu təmin etmək və tərəflər arasında yarana biləcək mübahisələrin qarşısını almaqdır. Müqaviləsiz kirayə münasibətləri aşkar edildikdə, xüsusilə vergi öhdəliklərinin gizlədilməsi, yaşayış yeri üzrə qeydiyyat qaydalarının pozulması və ya məlumatların dövlət orqanlarından gizlədilməsi hallarında inzibati məsuliyyət yarana bilər. Bildirilən dəyişikliklərə əsasən, bəzi hallarda cərimələrin 300 manata qədər artırılması nəzərdə tutulur. Ev sahibi kirayədən əldə etdiyi gəliri qanunvericiliyə uyğun bəyan etməli, kirayəçi isə yaşayış yeri üzrə qeydiyyat və digər qanuni tələblərə əməl etməlidir. Müqavilənin olması gələcəkdə yaranacaq mübahisələr zamanı əsas hüquqi sübut hesab olunur və tərəflərin hüquqlarını daha etibarlı şəkildə qoruyur”.

Beləliklə, kirayə bazarında cərimələrin artırılması sistemi daha şəffaf və hüquqi müstəviyə keçirməyi hədəfləyir. Yəni müqavilənin olması tərəfləri gələcək hüquqi problemlərdən qoruyur və dövlət qarşısındakı öhdəlikləri təmin edir.