Azərbaycanın Milli Qəhrəmanı, mərd təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.
NOCOMMENT.az xəbər verir ki, Hökumə Cəlil qızı Əliyeva 1991-ci il avqustun 8-də Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub.
1993-cü ildə doğma kəndinin işğalından sonra ailəsi ilə birlikdə əvvəlcə Bərdə rayonunda, daha sonra isə Rusiyada məcburi köçkün həyatı yaşayən Hökumə Əliyeva məktəb təhsilini Gəncə şəhərində V. Veysəlov adına 30 nömrəli tam orta məktəbdə başa vurub. Daha sonra yüksək bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, təhsilini magistratura və doktorantura pillələrində uğurla davam etdirib.
O, 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında (AZAL) əvvəlcə tərcüməçi, daha sonra isə baş təyyarə bələdçisi kimi fəaliyyət göstərib. Hökumə Əliyeva 2024-cü ilin dekabrında Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğray̧ması zamanı misilsiz fədakarlıq və qəhrəmanlıq nümayiş etdirib. O, ömrünün son dəqiqələrində belə sərnişinləri sakitləşdirməyə çalışaraq dediyi "Hər şey yaxşı olacaq!" sözləri ilə hər kəsin qəlbində əbədi iz qoyub.
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyevaya ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Qəhrəman təyyarə bələdçisi II Fəxri xiyabanda dəfn olunub.
Sara,
NOCOMMENT.az











