Cənubi Qafqazın coğrafi və siyasi xəritəsi yenidən cızıldıqca, ötən onilliklərin arxivləri də bir-bir bağlanır, tarixin toz basmış səhifələri qapanır. Uzun illər boyu regionun üzərində qara bulud kimi asılan, qətnamələri kağız üzərində saxlayıb reallıqda isə problemi donduran mexanizmlərin sıradan çıxması qaçılmaz bir zərurət idi. Bu baxımdan, ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən son qoyulması sadəcə bürokratik bir akt deyil, ədalətin öz gücü ilə bərqərar olduğu yeni dövrün təntənəsidir.
Ötən əsrin sonlarında – 1992-ci ildə təsis olunanda bu struktur kağız üzərində sülh təminatçısı təsiri bağışlayırdı. Lakin ötən otuz il ərzində sübut olundu ki, təsisatın əsas məqsədi problemi həll etmək yox, onu idarə olunan xaos halında saxlamaq, regionu daimi təzyiq altında saxlamaq imiş. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd mühüm qətnamə işğala son qoyulmasını tələb etsə də, vasitəçilik missiyanı üzərinə götürənlər bu sənədlərin icrasına müqavimət göstərdilər. Azərbaycan dövləti hər zaman haqlı olduğunu və ərazi bütövlüyünün heç vaxt müzakirə mövzusu olmayacağını qətiyyətlə bəyan edirdi. Lakin qarşı tərəf və ona havadarlıq edən qüvvələr status-kvonu saxlamaq üçün hər vasitəyə əl atırdılar.
Bu ikili standartlar sistemi Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdə bir daha bütün çılpaqlığı ilə ifşa olundu. Dövlət başçısı qeyd etmişdi ki, ABŞ administrasiyaları və digər həmsədr ölkələr BMT Təşkilatının öz qətnamələri əsasında torpaqların azad edilməsinə nail olmaq əvəzinə, münaqişəni dondurma siyasətinə üstünlük verirdilər. Onların əsas məqsədi bu coğrafiyanı həm Bakıya, həm də İrəvana qarşı təsir alətinə çevirmək idi. Əslində, Minsk qrupunun üç aparıcı qüvvəsi – ABŞ, Fransa və Rusiya mövqelərini konsolidasiya edərək torpaqlarımızın böyük hissəsini Ermənistana güzəştə getməyi, əvəzində isə yalnız bir neçə rayonun qaytarılmasını təklif edirdilər. Azərbaycan rəhbərliyi isə heç vaxt bu ədalətsiz planlarla barışmadı, xalqın milli qürurunu hər şeydən üstün tutdu.
İkinci Qarabağ müharibəsi alovlananda həmin dairələrin əsl siması bir daha üzə çıxdı. Dərhal zəng edərək, müxtəlif bəhanələrlə əməliyyatların dayandırılmasını tələb edənlər, əslində, işğalçının rahat nəfəs almasına çalışırdılar. Kimi Füzulidə, kimi digər istiqamətlərdə irəliləyişin qarşısını almaq üçün təzyiq rıçaqlarını işə salırdı. Amma artıq tarix başqa cür yazılırdı. Dəmir yumruq bütün bu diplomatik sədləri və sərt divarları darmadağın etdi. Azərbaycan öz gücü, əsgərinin qanı və sərkərdənin iradəsi ilə Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq yaratdı, BMT qətnamələrinin icrasını özü təmin etdi.
Zəfərdən sonra da regionda sülhün və barışın təşəbbüskarı məhz rəsmi Bakı oldu. Köhnəlmiş, mənasını tamamilə itirmiş formatların mövcudluğu üçün artıq heç bir obyektiv əsas qalmamışdı. Ötən ilin avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasındakı görüşdə imzalanan Birgə Bəyannamə bu baxımdan dönüş nöqtəsi oldu.
Hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk prosesi və ona bağlı strukturların bağlanması üçün birgə müraciət ünvanladılar. Nəhayət, ötən il sentyabrın 1-də ATƏT Nazirlər Şurası Minsk prosesinə, fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinə və Yüksəksəviyyəli Planlaşdırma Qrupuna rəsmən son qoydu.
Bu strukturun səhnədən silinməsi sadəcə arxiv qovluğunun bağlanması deyil. Bu, beynəlxalq hüququn tətbiqində yeni standartların, ikili standartlara əsaslanan mexanizmlərin iflasının və ədalətli nizamlanmanın qələbəsidir. Azərbaycan dünyaya sübut etdi ki, heç bir ədalətsizlik əbədi ola bilməz və güclü siyasi iradə həm də dəyişən dünyanın yeni qaydalarını diktə etməyə qadirdir.
Əli Səfərli,
NOCOMMENT.az











