Türkiyənin Kırşehir şəhərində fəaliyyət göstərən bir xeyriyyə təşkilatı milli-mədəni dəyərləri yaşatmaq məqsədilə olduqca diqqətçəkən və maraqlı bir layihəyə start verib. Təşkilatın qərarına əsasən, yeni doğulan körpələrinə regionun tarixi və mədəni simalarının adlarını verən ailələrə dörd qızıl sikkə hədiyyə olunacaq.
NOCOMMENT.az xəbər verir ki, layihə çərçivəsində uşaqlarına “Ahi” və ya “Neşet” adını verən hər bir ailə bu mükafatı qazanmaq hüququ əldə edəcək.
Təşkilatın prezidenti Mustafa Düger layihənin əsas qayəsini və fəlsəfəsini bu sözlərlə izah edib:
“Bu, sadəcə bir kampaniya deyil, bu torpaqların mahiyyətini, ruhunu və gələcəyini qorumaq üçün edilən bir səydir. Kırşehir, ticarətin dürüstlük və əxlaqla iç-içə olduğu Ahi Qardaşlığının mərkəzidir. Eyni zamanda ‘Çölün Tezenesi’ Neşet Ertaşın da yurdudur. Biz dəyərlərin getdikcə daha çox unudulduğunu görürük. Müasir dövrün təsiri ilə yeni nəsillərin yaddaşında bu dəyərlərin itməməsi üçün Kırşehirdə doğulan hər bir uşağa, ailəsi tərəfindən ‘Ahi’ və ya ‘Neşet’ adı verildiyi halda, dörd rüb qızıl hədiyyə edəcəyik. ‘Ahi’ adı dürüstlük, paylaşma və əxlaqlı insan olmağın ifadəsidir. Mədəniyyət yalnız kitab və muzeylərdə qalmamalıdır.”
Mustafa Düger həmçinin əlavə edib ki, layihənin əsas məqsədi Kırşehirin rəmzləri hesab olunan Ahi Evran və Neşet Ertaşın adlarını gələcək nəsillərin yaddaşına birdəfəlik həkk etməkdir. Onun sözlərinə görə, təqdim olunacaq dörd qızıl sikkə təsadüfi seçilməyib və o, Ahi qardaşlıq fəlsəfəsinin təməlini təşkil edən "dörd açıq qapı" prinsipini simvolizə edir.
Sara,
NOCOMMENT.az












