Putinin var-dövləti buxarlanır – Rus oliqarxlar milyardları necə qaçırır? - ŞOK DETALLAR

Putinin var-dövləti buxarlanır – Rus oliqarxlar milyardları necə qaçırır? - ŞOK DETALLAR

Qərbin tətbiq etdiyi dağıdıcı sanksiyalar fonunda Rusiya daxilində aktivlərinin müsadirə olunmasından və sərvətlərini itirməkdən ölümcül dərəcədə qorxan rusiyalı milyarderlərin sərvətlərini ölkədən kənara daşımaq üçün yeni və təhlükəli qeyri-rəsmi marşrutlar işə salması Kreml üçün böyük iqtisadi zərbəyə çevrilib.

Nüfuzlu "Bloomberg" agentliyinin yaydığı məlumatlara görə, Rusiya elitasının üzvləri son bir ildə investisiya portfellərini kriptovalyutalara, qızıla, xarici daşınmaz əmlaka və Fars körfəzi ölkələrinin özəl kapital fondlarına yönəltməklə yanaşı, həm də MDB məkanından, xüsusən də Ermənistan, Qazaxıstan və Qırğızıstan üzərindən tranzit kanallar yaratmağa nail olublar. Dubayın kriptovalyuta mərkəzi statusu ilə paralel olaraq İrəvanın nəzarətindəki bank və maliyyə strukturlarının Putinin yaxın ətrafındakı oliqarxların milyardlarla dollar vəsaitini xaricə ötürməsinə şərait yaratması rəsmi Moskva üçün açıq-aşkar arxadan zərbə kimi qiymətləndirilir. Kreml liderinin sanksiyalardan yayınmaq üçün nəzarəti gücləndirməyə çalışdığı bir vaxtda İrəvanın bu kapital qaçışına göz yumması və ya birbaşa dəstək verməsi Nikol Paşinyanın Rusiya prezidentinə növbəti böyük xəyanəti kimi müzakirə olunur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, rusiyalı milyarderlərin Ermənistan maliyyə sistemi vasitəsilə öz sərvətlərini Qərbə və ya digər təhlükəsiz yurisdiksiyalara daşıması təsadüfi deyil və bu, İrəvanın Qərbin nəzarəti altında Kremlə qarşı növbəti gizli iqtisadi təxribatıdır: "Rusiya oliqarxları başa düşürlər ki, Putinin rejiminin gələcəyi qeyri-müəyyəndir və hər an onların bütün sərvətləri dövlət tərəfindən müsadirə oluna bilər. Məhz bu səbəbdən onlar milyardlarla dolları ölkədən çıxarmaq üçün postsovet məkanındakı zəif bəndlərdən, xüsusən də Ermənistandan tranzit kimi istifadə edirlər. Paşinyan hakimiyyətinin rus oliqarxlarına bu cür qaranlıq maliyyə əməliyyatları üçün şərait yaratması sadəcə iqtisadi maraq deyil, bu, birbaşa olaraq Qərbin xüsusi xidmət orqanlarının və sanksiyalarla mübarizə strukturlarının nəzarəti altında həyata keçirilən siyasi layihədir. Ermənistan rəhbərliyi bu yolla həm Qərbdən əlavə ianələr və dəstək alır, həm də Rusiyanın iqtisadi damarlarını daxildən zəiflətməyə xidmət edən addımlar atır".

Onun sözlərinə görə, bu prosesi haqlı olaraq Putininə qarşı edilən ən böyük "təpədən dırnağa xəyanət" kimi qiymətləndirmək olar, çünki İrəvan illərdir Rusiyanın hərbi və iqtisadi donorluğundan qidalandığı halda, indi Putinin ən yaxın ətrafının sərvətlərini qaçırmasına meydan verir: "Kreml artıq bu proseslərin fərqindədir, lakin Rusiya daxilindəki sistem o qədər korrupsiyalaşıb və çürüyüb ki, milyarderlər müxtəlif yollarla pullarını ölkədən kənara axıtmağa davam edirlər. Ermənistan isə bu geosiyasi ticarətdə Qərbin əlində alətə çevrilərək Rusiyanın maliyyə təhlükəsizliyinə ağır zərbə vurur. Paşinyanın bu addımı Moskva ilə münasibətlərdəki onsuz da gərgin olan ipi tamamilə qırır və göstərir ki, İrəvan üçün heç bir müttəfiqlik öhdəliyi mövcud deyil, onlar yalnız şəxsi maraqları və Qərbin təlimatları ilə hərəkət edirlər".

Sara,
NOCOMMENT.az