Həmin sənədi imzalamaqdan imtina etdi

Həmin sənədi imzalamaqdan imtina etdi

Serbiya Prezidenti Aleksandr Vuçiç Kiyevdə keçirilən Ukrayna və Cənub-Şərqi Avropa ölkələrinin beşinci sammitinin Rusiya əleyhinə olan yekun bəyannaməsini imzalamaqdan imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politika” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Kiyevdə keçirilən sammitdə iştirak edən Vuçiç yekun sənədə qol çəkməyib. Nəticədə Serbiya görüşdə iştirak edən və bəyannaməni dəstəkləməyən yeganə dövlət olub.

Qəzet qeyd edir ki, sözügedən sənəddə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsi, həmçinin onun avroatlantik inteqrasiyasına kömək göstərilməsi ilə bağlı çağırışlar yer alıb. Sənədi Ukrayna, Albaniya, Yunanıstan, Moldova və Rumıniya prezidentləri, Xorvatiya və Sloveniyanın baş nazirləri, Şimali Makedoniya, Monteneqro və Bolqarıstan nümayəndələri, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen imzalayıblar.

Bununla belə, serbiyalı lider Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəklədiyini bildirib və rəsmi Kiyevin ikitərəfli münasibətlərdə nümayiş etdirdiyi oxşar mövqeyə görə təşəkkürünü ifadə edib. O, həmçinin qeyd edib ki, Belqrad Ukraynaya humanitar, tibbi və energetika sahələrində yardım göstərməkdə davam edəcək.

Xatırladaq ki, Aleksandr Vuçiç bu gün Kiyevə səfər edib və orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Bu, Serbiya liderinin son on ildə Ukrayna paytaxtına etdiyi ilk rəsmi səfərdir.