Şuşanın yüksəklikləri və yeni dünya nizamının memarı: Tarixin axarını dəyişən iradə

Şuşanın yüksəklikləri və yeni dünya nizamının memarı: Tarixin axarını dəyişən iradə

Şuşa, buludlara söykənmiş qədim və əzəmətli dağların qoynunda, sanki dünyanın bütün səs-küyündən uzaq, ancaq qlobal siyasi proseslərin mərkəzində dayanıb.

İyulun 13-də məhz bu müqəddəs məkanda, IV Şuşa Qlobal Media Forumunun açılışında yaşananlar, sadəcə bir tədbir yox, həm də yeni dövrün manifesti, həqiqətin bərpası uğrunda aparılan mübarizənin növbəti mərhələsi idi. Prezident İlham Əliyevin Forum iştirakçıları ilə saatlarla davam edən, diplomatiyanın bütün qəliblərini sındıran, səmimiyyəti və konkretliyi ilə valeh edən dialoqu, əslində, Azərbaycanın necə bir güc mərkəzinə çevrildiyinin canlı sübutuna çevrildi. 53 ölkədən gələn jurnalistlər, analitiklər və müxtəlif media qurumlarının nümayəndələri Şuşanın dəmir iradəsi ilə üz-üzə qalarkən, əslində, müasir dünyanın ən böyük strateqlərindən birinin – İlham Əliyevin qətiyyətinə və vizyonuna şahidlik edirdilər.

Bu, bir ölkənin rəhbərinin öz torpaqlarında, həm də dünyanın ən həssas və strateji nöqtələrindən birində dünyaya mesaj verməsi idi. Bu, təkcə "nə baş verdi" sualının cavabı deyil, "nə baş verəcək" sualının ən dəqiq proqnozuydu. Prezidentin çıxışları, suallara verdiyi cavablar zamanı yaratdığı mənzərə çox aydındır: Azərbaycan artıq heç kimin oyuncağı olmayan, öz yolunu, öz müttəfiqlərini və öz gələcəyini yalnız milli maraqlar çərçivəsində müəyyən edən bir dövlətdir. O, Şuşanın zirvəsində dayanıb qlobal düzəni təhlil edərkən, heç bir xarici mərkəzin diktəsinə boyun əyməyən, yalnız öz gücünə və öz xalqının iradəsinə arxalanan bir liderin portretini cızırdı. Və bu portret, əslində, Azərbaycanın dövlətçilik fəlsəfəsinin təməlidir: "Heç vaxt əyilmə, sınma, lazım olsa, öl, amma ləyaqətlə yaşa".

Forumda səslənən fikirlər, xüsusən də beynəlxalq qurumların, o cümlədən bəzi Avropa təsisatlarının Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli münasibətə verilən cavablar, illərlə yığılıb qalmış bir "həqiqət bombası" idi. Prezidentin cəsarətlə bəyan etdiyi kimi, Azərbaycanı sanksiyalarla, təzyiqlərlə yolundan döndərməyə çalışanlar, əslində, Azərbaycan xalqının tarixi yaddaşını və liderinin siyasi müdriklik səviyyəsini düzgün qiymətləndirə bilməyənlərdir. Avropa Şurası Parlament Assambleyasında yaranmış vəziyyəti izah edərkən Prezidentin vurğuladığı bir məqam diqqətdən yayınmadı: "Biz toqquşma axtarmırıq, amma ayrı-seçkiliyə də dözməyəcəyik". Bu, təkcə bir dövlət başçısının mövqeyi deyil, öz suverenliyini qanla, zəhmətlə bərpa etmiş bir xalqın qürurunun ifadəsidir. Həmin çıxış, bütün bəşəriyyətə, həm də beynəlxalq təsisatlara verilmiş bir dərs idi: ədalətsizliyə qarşı susmaq, ədalətsizliyin ortağı olmaq deməkdir.

Azərbaycanın Avrasiyanın nəqliyyat və enerji xəritəsində tutduğu strateji mövqe, Şuşadakı bu dialoqda ən çox vurğulanan və maraq doğuran mövzulardan biri oldu. Orta Şərqdə, Qırmızı dənizdə, Hörmüz boğazında yaşanan gərginliklər dünya ticarətinin nə qədər kövrək olduğunu xatırlatdıqda, Azərbaycanın qurduğu infrastrukturun, Orta Dəhlizin, Xəzər dənizi üzərindəki logistik gücün necə həyati əhəmiyyət daşıdığı bir daha ortaya çıxdı.

Prezident Əliyev elə bir strateji baxış nümayiş etdirdi ki, istər Qərb, istərsə də Şərq ölkələrinin təmsilçiləri – Çin, Yaponiya, Avropa İttifaqı və ABŞ ekspertləri – Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatının alternativsiz olduğunu dərk etdilər. Bu, sadəcə iqtisadi bir layihə deyil, bu, siyasi sabitliyin təminatıdır. Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol isə artıq təkzibedilməzdir. Avropa bazarına çıxan qazın həcminin artması və şaxələndirilməsi, Azərbaycanın qlobal enerji xəritəsindəki yerini daha da möhkəmləndirib.

Xüsusilə maraq doğuran məqamlardan biri, Azərbaycanın regional və beynəlxalq münaqişələrin həllində – istər ABŞ-İran, istərsə də Azərbaycan-Ermənistan münasibətlərində – oynadığı vasitəçilik və sülhməramlı roluna dair verilən suallar idi. Prezidentin bu suallara verdiyi cavablar, Azərbaycanın "konstruktiv liderlik" modelinin necə işlədiyini göstərdi. "Biz etimad qazanmışıq, səmimiyyətimizə inanırlar", – deyən lider, əslində, çox sadə, amma çox çətin bir düsturu bölüşürdü. Bakı, artıq dünyada danışıqların, anlaşmaların və sülhün ünvanı kimi qəbul edilir. Şuşadan dünyaya yayılan sülh mesajı, təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə məhdudlaşmır, o, bütün regionun və dünyanın gələcəyi üçün bir nümünədir.

Forumun ən emosional və təsirli məqamlarından biri də Prezidentin "yeganə qalib xalq" və "qalib Prezident" obrazı ilə bağlı ona ünvanlanan suala verdiyi cavab oldu. Təvazökarlıqla, lakin bir o qədər də əzəmətlə, əslində, qələbənin də, uğurun da kökündə xalqın öz liderinə inamı, xalqın birliyi və milli ləyaqət hissi olduğunu xatırlatdı. Prezidentin Şuşadan bütün gələcək nəsillərə aşıladığı "milli kimlik hər şeydən üstündür" mesajı, gələcək onilliklərin yol xəritəsidir. Bu yol, heç də asan deyil. Mübarizə davam edir, təxribatlar olacaq, təhdidlər ortaya çıxacaq. Amma Şuşanın yüksəklikləri, bu Forumun keçirildiyi məkan, bizə bir şeyi – gücün, iradənin və birliyin qarşısında heç bir qüvvənin dayana bilməyəcəyini göstərir.

Şuşa artıq sadəcə bir şəhər deyil, o, yeni dövrün intellektual, siyasi və mənəvi paytaxtıdır. İlham Əliyevin bu Forumdakı çıxışı, Azərbaycanın dünya siyasətindəki yerini daha da möhkəmləndirdi. O, sadəcə bir ölkənin rəhbəri kimi deyil, dünya siyasətinin axarını müəyyən edən strateqlərdən biri kimi danışırdı. Və onun dediyi kimi, "bu mübarizə daimi olmalıdır". Öz hüquqlarını qorumaq, milli kimliyini yaşatmaq, müstəqilliyi göz bəbəyi kimi qorumaq – bu, Azərbaycanın əbədi missiyasıdır. Forum iştirakçılarının Şuşadan ayrılarkən apardıqları təəssürat, əslində, budur: onlar sadəcə bir ölkənin inkişafını deyil, tarixin axarını dəyişən bir iradənin – Şuşanın, Qarabağın və Azərbaycanın iradəsinin şahidi oldular. Bu isə, gələcəyin daha aydın, daha güclü və daha qürurlu olacağından xəbər verir.

Əli Səfərli,

NOCOMMENT.az