Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyədə fəaliyyət göstərən iş adamı Mübariz Mənsimova məxsus "Palmali International Holding" şirkəti arasındakı uzunmüddətli məhkəmə çəkişməsi yeni mərhələyə daxil olub.
NOCOMMENT.az haqqin.az-a istinadən xəbər verir ki, London Beynəlxalq Dəniz Arbitraj Məhkəməsində qazanılan qələbədən sonra prosesin Türkiyə məhkəmələrində icra edilməsi istiqamətində addımlar atılır.
London arbitrajı "Palmali" şirkətinin SOCAR-a ümumilikdə 240 milyon dollar ödəməli olduğuna dair qərarlar çıxarıb. Bu qərarların Türkiyədə icra olunması üçün həmin ölkənin məhkəmələri tərəfindən tanınması zəruridir. İstanbulun 10-cu Kommersiya Məhkəməsi arbitrajın 44,7 milyon dollarlıq təzminatla bağlı qərarının tanınması və icrası barədə hökm çıxarıb. "Palmali" və Mənsimovun bu qərara etirazı İstanbul Regional Məhkəməsi tərəfindən rədd edilib, lakin cavabdeh tərəfin apellyasiya şikayəti vermək hüququ qüvvədə qalır.
Qeyd edək ki, tərəflər arasında mübahisə 2007 və 2008-ci illərdə imzalanmış neft və neft məhsullarının daşınması müqavilələrinə əsaslanır. 2016-cı ildə tərəflərin qarşılıqlı öhdəlikləri yerinə yetirmədiyi əsası ilə müqavilələrə xitam verilib. 2021-ci ildə London məhkəməsi "Palmali"ni 44,7 milyon dollar təzminata məhkum edib. Daha sonra, 2026-cı ilin fevralında verilən digər bir qərarda isə arbitraj heyəti "Palmali"nin 10 tankerin SOCAR-a verilməsi ilə bağlı qarşılıqlı iddialarını əsassız hesab edərək tamamilə rədd edib.
Digər tərəfdən, "Palmali"nin Rusiya "Sberbank"ı ilə də ciddi problemləri mövcuddur. Bankın Maltada qaldırdığı iddia nəticəsində Mənsimovun şirkətinin kredit öhdəliklərini ödəməmək üçün qeyri-qanuni sxemlərdən, o cümlədən şirkətləri süni şəkildə müflis etməkdən və aktivləri gizlətməkdən istifadə etdiyi müəyyənləşib. Məhkəmə "Sberbank"ın xeyrinə qərarlar çıxararaq, şirkətin törəmə strukturları arasında həyata keçirdiyi şübhəli əməliyyatların qarşısını alıb və 10 milyon dollarlıq tranın qaytarılmasını tələb edib.
Sara,











