Rusiya paytaxtında Ukraynanın işğal olunmuş separatçı bölgəsi ilə bağlı tanınmış fiqurlardan birinə qarşı növbəti səs-küylü sui-qəst hadisəsi baş verib. Qondarma “Donetsk Xalq Respublikası”nın (DNR) keçmiş “dövlət təhlükəsizliyi naziri” Andrey Pinçukun yaşadığı evdə partlayış törədilib.
NOCOMMENT.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə kuryerin Pinçukun mənzilinə bağlama (bağlanmış qutu) gətirməsindən dərhal sonra qeydə alınıb. Kuryer getdikdən sonra bağlamada olan naməlum partlayıcı qurğu işə düşüb.
Rusiya teleqram kanallarının yaydığı məlumatlara görə, Andrey Pinçuk son anda təhlükəni hiss edərək mənzilin daxilindəki zirehli qapının (bron qapı) arxasına keçməyi bacarıb və bu onun həyatını xilas edib. Hadisə baş verən zaman onun ailə üzvləri evdə olmayıb və başqa yerdə tapılıblar.


Mənbələrə açıqlama verən Pinçuk hadisə nəticəsində ciddi xəsarət almadığını, sadəcə yüngül kontuziya keçirdiyini bildirib. Rəsmi TASS agentliyi də hüquq-mühafizə orqanlarına istinadən keçmiş separatçı rəsmisinin həyatı üçün heç bir təhlükənin olmadığını təsdiqləyib. Hazırda hadisə yerinə Rusiya İstintaq Komitəsinin müstəntiqləri və bomba mütəxəssisləri cəlb olunub, kuryerin şəxsiyyəti və sui-qəsdin arxasında duran qüvvələrin müəyyənləşdirilməsi istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Sara
NOCOMMENT.az












